Advert
Advert

Futbolun zirvəsində olan Ronaldo həm də xeyriyyəçidir

Tarix:
Futbolun zirvəsində olan Ronaldo həm də xeyriyyəçidir
Reklam

Portuqaliyalı futbolçu və dünya futbolunun ən parlaq simalarından biri olan Kriştiano Ronaldo təkcə meydandakı uğurları ilə deyil, həm də xeyriyyəçilik fəaliyyəti ilə milyonlarla insana nümunə göstərilir.

Reyting.az xatırladır ki, 5 fevral 1985-ci ildə Portuqaliyanın Funşal şəhərində anadan olan Kriştiano Ronaldo hələ uşaqlıq illərindən istedadı və fərqli oyun tərzi ilə seçilən futbolçu peşəkar karyerasına "Sporting CP" akademiyasında başlayıb. Daha sonra o, "Mançester Yunayted", "Real Madrid", "Yuventus" və "Al Nassr" kimi dünyanın aparıcı klublarında çıxış edib. Ronaldo eyni zamanda Portuqaliya milli komandasının tarixində ən uğurlu futbolçulardan biri hesab olunur.

Peşəkar karyerası ərzində çoxsaylı milli çempionatların qalibi olan Ronaldo UEFA Çempionlar Liqasında qazandığı titullar və fərdi mükafatlarla dünya futbolunun canlı əfsanələrindən birinə çevrilib.

Bununla yanaşı, o, xeyriyyəçilik fəaliyyəti ilə də geniş tanınır. Ronaldo müxtəlif illərdə uşaq xəstəxanalarına, xərçəng xəstəliyi ilə mübarizə fondlarına milyonlarla avro ianə edib, həmçinin təbii fəlakətlərdən zərər çəkmiş insanlara maddi dəstək göstərib. Dünya şöhrətli futbolçu dəfələrlə bildirib ki, qan və sümük iliyi donoru olduğu üçün bədəninə döymə etdirmir.

Ronaldo ilə bağlı maraqlı faktlardan biri də budur ki, o, bir sıra hallarda fərdi mükafatlarını, imzalı əşyalarını və oyun geyimlərini xeyriyyə hərraclarına təqdim edərək əldə olunan vəsaiti ehtiyacı olan insanların yardımına yönəldib.

Portuqaliyalı ulduz aztəminatlı ailələrin uşaqlarının müalicəsi və təhsili ilə bağlı beynəlxalq layihələrə də davamlı dəstək verir. Məhz buna görə o, dünya ictimaiyyəti tərəfindən sosial məsuliyyət hissi yüksək olan və xeyriyyəçilik fəaliyyəti ilə seçilən idmançılardan biri kimi qəbul edilir.

İndiyədək onun haqqında yayımlanan məlumatlar göstərir ki, Ronaldo etdiyi xeyriyyə işlərinin ictimailəşdirilməsində maraqlı olmayıb. Əksər hallarda bu yardımlar barədə məlumatlar məhz yardım alan şəxslərin və ya xeyriyyə təşkilatlarının təşəbbüsü ilə ictimaiyyətə çatdırılıb.

Ronaldonun sözlərinə görə, onun üçün əsas məqsəd gördüyü işləri reklam etmək deyil, insanlara sevinc bəxş etmək və xeyriyyəçilik missiyasını səssiz şəkildə davam etdirməkdir.

Hazırda Ronaldo peşəkar futbol karyerasını uğurla davam etdirir və həm idman nailiyyətləri, həm də humanist fəaliyyəti ilə dünyanın ən nüfuzlu idman simalarından biri olaraq qalır.

Oqtay Qorçu
 

Reklam