“ABŞ və İran arasında imzalanan sənədi saziş kimi təqdim etmək doğru olmazdı. Mənim fikrimcə, bu, sülh sazişi deyil. Qənaətimcə, bu, daha çox niyyət protokolu xarakterli sənəddir və tərəflər həmin sənəd əsasında gələcək yol xəritəsini müəyyənləşdirirlər”.
Bu fikirləri İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani “Reytinq” qəzetinə müsahibəsində səsləndirib.
ABŞ-İran razılaşmasına münasibət bildirən keçmiş səfirin sözlərinə görə, sənəddə sonradan gündəmə gələn daha iki məsələ ilə bağlı da razılıq əldə olunub:
“Mən Hörmüz boğazı ilə bağlı məsələni nəzərdə tuturam. Əvvəllər boğazla bağlı problem yox idi. Donald Tramp İsraillə birlikdə İrana hücum etməsəydi, bu problem də yaranmazdı. Məhz İrana hücumdan sonra vəziyyət dəyişdi. İran boğaza nəzarəti gücləndirdi və müəyyən məhdudiyyətlər tətbiq etdi. Daha sonra ABŞ da öz növbəsində təzyiq tədbirlərinə əl atdı. Beləliklə, bu problemlər sonradan ortaya çıxdı.
İndi isə niyyət protokolunda həmin məsələlərin həlli nəzərdə tutulur. ABŞ tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırır, İran isə boğazda sərbəst gəmiçiliyin təmin olunmasına razılıq verir. Eyni zamanda, iki ay müddətində danışıqlar davam etdiriləcək”.
İrana qarşı sanksiyaların ləğvi və nüvə proqramının gələcəyinə gəlincə, Ə. Süleymani əlavə edib ki, iki ay ərzində bu məsələlər üzrə razılıq əldə olunarsa, yeni saziş imzalana bilər:
“ABŞ Prezidenti Donald Tramp bildirib ki, həmin sazişi Konqresin təsdiqinə təqdim edəcək. Ancaq deyilənlərə inanmalı olsaq, hazırkı niyyət protokolu 14 maddədən ibarətdir və məsələlərin hansı qaydada həll olunacağına istiqamət verir.
Anladığım qədərilə, həmin sənəddə İran da müəyyən məsələlər üzrə istədiyinə nail olub. Fars körfəzi ölkələri ilə müzakirələr aparılacaq və müəyyən mexanizmlər formalaşdırılacaq. Yəni ABŞ Hörmüz boğazı ilə bağlı məsuliyyəti müəyyən mənada Fars körfəzi ölkələrinin öhdəsinə buraxıb. Bu ölkələr öz aralarında danışıqlar apararaq ortaq nəticəyə gələcəklər.
Eyni zamanda, niyyət protokolunun BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənəcəyi ilə bağlı məlumatlar da var. Niyyət protokolu imzalandıqdan sonra İran və ABŞ arasında danışıqlar başlayacaq.
Dediyim kimi, bu danışıqlarda İrana qarşı tətbiq olunan sanksiyaların ləğvi, eləcə də İranın əlində olan zənginləşdirilmiş uranın taleyi və onun hansı hissəsinin ölkədə saxlanılacağı kimi məsələlər diqqət mərkəzində olacaq. Şübhəsiz ki, bu danışıqlar asan keçməyəcək.
Əslində, Tramp əvvəllər İranda uranın zənginləşdirilməsinin tamamilə dayandırılmasını istəyirdi. Lakin bəzi məlumatlara görə, hazırda belə bir tələb irəli sürülmür və İran müəyyən səviyyədə uranın zənginləşdirilməsini davam etdirəcək. Görünür, əsas müzakirə mövzularından biri də bu zənginləşdirmənin hansı faiz həddində olacağının müəyyənləşdirilməsidir”.
Süleymaninin fikrincə, hazırda bu mövzular barədə geniş danışmağın mənası yoxdur, çünki hələlik çox məqam aydın deyil:
“Razılıq əldə olunduqdan sonra əsas istiqamətlər və detallar bəlli olacaq. O zaman bu məsələlər barədə daha ətraflı danışmaq mümkün olacaq. Digər tərəfdən, hazırkı yanaşmaya görə, danışıqların iki ay davam etməsi nəzərdə tutulur. Lakin mümkündür ki, razılaşma iki aydan daha tez əldə edilsin və ya proses daha uzun çəksin. Hər şey mümkündür. Yəni məsələ artıq siyasi mərhələyə keçib”.
Müsahibimizin qənaətinə görə, mövcud vəziyyət əsasən Donald Trampın siyasətindəki səhvlərin nəticəsidir:
“Məhz ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra vəziyyət bu həddə çatıb. Halbuki müharibədən əvvəl İran və ABŞ Oman, Cenevrə və son dövrlərdə Pakistan platformalarında danışıqlar aparırdı. Lakin hər dəfə ABŞ İsraillə birlikdə İrana hücum etdi. Başqa sözlə, ABŞ diplomatiyaya güllə atdı.
Əgər bu addımlar atılmasaydı, nə İrana bu qədər ziyan dəyər, nə də bu qədər insan həyatını itirərdi. Eyni zamanda, bu hadisələr Trampın özünə və ABŞ-a da mənfi təsir göstərdi. Hazırda Trampın reytinqi ölkə daxilində aşağı düşüb və onun aralıq seçkilərdə məğlub olması ehtimalı da var.
Bundan əlavə, bahalaşma, xüsusilə enerji qiymətlərinin artması da müşahidə olunur. Bütün bunlar Trampın yanlış qərarlarının nəticəsidir. İndi isə bəzi dairələr bunun səbəbini Netanyahunun Trampı aldatması ilə izah etməyə çalışırlar”.
ABŞ-İran razılaşmasına İsrailin yanaşmasına gəldikdə, Ə. Süleymani deyib ki, İsrail belə bir razılaşmanı istəmir: “Orada Livan məsələsi var, İsrail hücumlarını dayandırmır. İran da bildirir ki, Livanda atəşkəs olmalıdır. Amerika buna “hə” deyir, amma İsrail davam edir. İndi görək ABŞ bu məsələdə İsrailin qarşısını ala biləcəkmi.
Qənaətimcə, İsrail çalışır ki, ABŞ və İran arasında razılaşma imzalanmasın. Düzdür, artıq digital imzalanma olub, amma əsas sənəd sabah imzalanacaq.
Normalda Tramp səhvlər etməsəydi, öncədən İranla danışıqlar aparsaydı, daha effektiv olardı. Çünki zor gücü ilə istəyinə nail ola bilməyib.
Bəli, İrana çox ziyan vurub, rəsmən elan olunub ki, 270 milyard ziyan dəyib, 3500 nəfərə yaxın insanımız ölüb, 140 minə yaxın bina dağılıb, infrastruktur dağılıb. Elə ABŞ-a da böyük ziyan dəyib, qiymətlər bahalaşıb, enerji daşıyıcıları problermi yaranıb, Trampın reytinqi düşüb və s. Halbuki bunların olmasına heç bir ehtiyac yox idi. İndi Tramp yenidən lap əvvələ qayıdıb və danışıqlara gəlib.
İran da Hörmüzdə müəyyən uğur əldə edib, vergi və rüsum adı ilə olmasa da, boğazda müəyyən nələrsə əldə edəcək. İndi də danışıqlar vasitəsilə bu işlər həllini tapa bilər. İran təklif edir ki, gəlib iqtisadiyyat, enerji sahəsində işləyin, şirkətləriniz sərmayə qoysun və s. Qısası, Tramp həm bizə, həm də özünə çox ziyan vurub, indi biz lap əvvələ qayıdırıq”.
Keçmiş səfir xatırladıb ki, Amerika və İran arasındakı problemlərin kökü 47-48 il əvvələ gedir: “Əlbəttə, Amerikada radikal mövqedə olanlar var. İsrail də bu işlərin qarşısını almaq istəyir. İranda da müəyyən radikal qruplar var ki, hətta niyyət protokoluna qarşı çıxır, camaatı qızışdırmağa çalışırlar və s. Amma bunlar yersizdir. Əsas odur ki, danışıqlar getsin. Mənim qənaətimcə, İran-Amerika razılaşmasından sonra Orta Şərqdə, Fars körfəzində dəyişikliklər olacaq.
Eyni zamanda olaylar beynəlxalq sistemə də təsir edib, burada Çin məsələsi var və hər halda rol oynayır. Rusiya baxmayaraq ki, Ukraynada bataqlığa düşüb, amma yenə də nəsə görmək istəyir. Eləcə də Fələstin məsələsi necə olacaq, bu hara qədər gedəcək? Qəzza problemi ortadadır, Həmas orada zəifləyib, amma bitməyib. Üstəlik, Livan peroblemi. Yəni azca dəyişiklik olsa da, əslində heç nə həll edilməyib.
Donald Trampda deyir ki, “mən onu həll etdim, bunu həll etdim”. Əslində isə heç nə həll etməyib. Əksinə, İrana hücum etməklə problemi daha da qəlizləşdirib. Özü sülh şüarı ilə hakimiyyətə gəlmişdi, amma müharibəyə başladı. Məncə, Tramp ABŞ tarixində uğursuz prezident kimi qala bilər. Hazırda da təzadlı danışır.
Düzdür, İranla bağlı problem keçmişdən qalırdı, amma İsrail Fələstin ərazilərini qəsb edib, 100 minlərlə fələstinli ölüb, qaçqın düşüb və s. ABŞ da bunu dəstəkləyib. İndi dünya bu məsələni həll etməlidir. Fikrimcə, proseslər bu istiqamətdə gedir.
Netanyahu da İsraildə zəifləyib və oktyabr seçkilərində uduzmaq şansı var. Eləcə də noyabrda ABŞ-da ara seçkilərin taleyi başqa cür ola bilər. Yəni çoxlu dəyişikliklər mümkündür.
Hazırda dünyada İsrailə qarşı etirazlar davam edir və Fələstinin dəstəklənmə prosesi genişlənir. Məncə, İran Amerika ilə problemlərini həll etməlidir ki, İsraili təkləsin, “at oynada” bilməsin. İranın ABŞ-la normal əlaqələri olsa, məsələlər daha yaxşı ola, İsrailin mövqeyi zəifləyə, müsəlman ölkələrinin gücü arta bilər”.
Nemət Orucov
Reyting.az