Ermənistanda parlament seçkiləri ilə bağlı seçki məntəqələri açılıb və səsvermə başlayıb. Vətəndaşlar Yerevan vaxtı ilə saat 20:00-dək səs verə bilərlər. Ölkə xaricində səsverməyə icazə verilmir.
Reyting.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, saat 12:00-dan etibarən Mərkəzi Seçki Komissiyası hər üç saatdan bir seçici fəallığı barədə məlumat açıqlayacaq.
Yeni baş naziri də müəyyən edəcək Ermənistan parlamentində siyasi qüvvələrin vəziyyəti, seçicilərin üçdə birinin yaşadığı paytaxt Yerevan da daxil olmaqla, iri şəhərlərdən məlumatlar daxil olmağa başlayandan sonra, təxminən saat 14:00–15:00 radələrində daha aydın görünəcək. Elektron səslərin hesablanması isə iyunun 8-də saat 08:00-da başa çatacaq.
Qeyd edək ki, Ermənistan parlamenti proporsional seçki sistemi əsasında, yəni yalnız partiya siyahıları üzrə formalaşdırılır. Ermənistanın 9-cu Milli Məclisində yerlər uğrunda 18 siyasi qüvvə - 16 partiya və iki partiya bloku mübarizə aparır. Parlamentə düşmək üçün seçki baryeri partiyalar üçün 4 faiz, partiya blokları üçün isə 8 faizdir.
Qəsdən korlanmış bülletenlər də daxil olmaqla, etibarsız bülletenlər seçkilərin nəticələri hesablanarkən nəzərə alınmır. Bütün siyasi qüvvələr üçün verilmiş etibarlı səslərin və qeydə alınmış hər hansı uyğunsuzluqların cəmi faiz hesablamalarının aparıldığı ümumi göstərici kimi qəbul edilir.
***
Ermənistanda keçirilən parlament seçkilərində səsvermə başa çatıb.
Reyting.az xəbər verir ki, saat 17:00-a olan məlumata görə, səsvermə hüququ olan əhalinin 48,9 faizi artıq öz seçimini edib. Yəni 2 milyon 503 min 976 seçicidən 1 milyon 224 min 957-si artıq səs verib.
Bu da 5 il bundan əvvəlki seçkidəki seçici fəallığından 11 faiz çoxdur.
Seçkilərdə ümumilikdə 18 siyasi qüvvə - iki blok və 16 partiya iştirak edib. Parlamentə girmək üçün partiyalara 4 faiz, bloklara isə 8 faiz (iki partiyaya qədər) və 10 faiz (ikidən çox partiya) hədd müəyyən edilib. Seçici iştirakı üçün hədd nəzərdə tutulmayıb.
Onu da qeyd edək ki, ilkin nəticələrin gecə saat 00:00 radələrində açıqlanacağı gözlənilir.
MSK sədri Vaaqn Ovakimyan seçici fəallığı ilə bağlı məlumatları saat 21:00-da açıqlayacaq.
E. Kamal