Ermənistanda ölkə xaricində daimi yaşayan vətəndaşların parlament seçkilərində və referendumlarda səs verməsi məhdudlaşdırılıb.
Reyting.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, parlament bununla bağlı Seçki Məcəlləsinə dəyişiklikləri ikinci və sonuncu oxunuşda qəbul edib.
Hakim "Vətəndaş Müqaviləsi" fraksiyasından olan bir qrup deputatın təşəbbüsü ilə hazırlanan dəyişikliklərə əsasən, yalnız son 730 günün azı 366 gününü (yəni son iki ilin bir ildən çoxunu) Ermənistanda yaşamış ölkə vətəndaşları parlament seçkilərində və referendumlarda iştirak edə biləcəklər.
Qanuna görə, bu yaşayış tələbi adi parlament seçkilərindən ən azı 48 gün, növbədənkənar seçkilərdən isə ən azı 28 gün əvvəl yerinə yetirilməlidir.
Xatırladaq ki, hakim partiyanın nümayəndələri bu təşəbbüsü iyunun 7-də keçirilən parlament seçkiləri ərəfəsində irəli sürərək bildirmişdilər ki, xaricdə yaşayan Ermənistan vətəndaşları səsvermədə iştirak etmək üçün kütləvi şəkildə ölkəyə gəlirlər.
E. Kamal