Ermənistanda parlament seçkiləri kampaniyası çərçivəsində hakimiyyətə iddialı radikal müxalifət seçicilərə Qarabağla bağlı yalan vədlər verir. Azərbaycanla müharibə tərəfdarı olan müxalif namizədlər və onların tərəfdarları seçiciləri aldadır, bildirirlər ki, hakimiyyətə gələcəkləri təqdirdə Qarabağdan köçmüş ermənilərin Azərbaycana qayıdışını təmin edəcəklər. Beləliklə, vaxtilə hərbi cinayətlər törətmiş şəxslər və onların tərəfdarları seçiciləri aldadır, əsassız olaraq Qarabağ məsələsini qabartmaqla özlərinə tərəfdar toplamağa çalışırlar.
Məsələni “Reytinq” qəzetinə şərh edən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, ermənilərin Azərbaycana qayıdaraq burada yaşaması erməni siyasətçiləri və ya erməni dövlətinin rəyi ilə bağlı məsələ deyil.
Cəlaloğlu deyib ki, ermənilərin Qarabağa qayıtması Azərbaycanın daxili işidir:
“Yalnız Azərbaycan hökuməti vaxtilə burada yaşamış ermənilərin - əgər əməllərində cinayət yoxdursa - Azərbaycan vətəndaşlığını qəbul etməsi və ölkəmizdə yaşaması haqqında qərar qəbul edə bilər. Odur ki, erməni siyasətçilərinin seçki kampaniyaları zamanı Qarabağa qayıdışdan təbliğat vasitəsi kimi istifadə etməsi demoqogiyadan başqa bir şey deyil və heç bir perspektivi yoxdur”.
ADP sədri qeyd edib ki, Baş nazir Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanda müəyyən mənada şəffaf seçkilər keçirilib, müəyyən ənənə yaranıb, üstəlik, ruspərəstləri qərbpərəstlər əvəz edib.
Cəlaloğlunun fikrincə, Paşinyanın komandası həddən artıq sağlam, möhkəm və xalqına yaxındır:
“Bu komanda Ermənistanda seçki saxtakarlığına son qoyub, korrupsiyanın qarşısını almağa çalışır. Odur ki, bu komandanın xalq arasında dəstəyi var. Sözsüz ki, Rusiyanın təsir dairəsində olan, onun agentura şəbəkəsinə cəlb edilən müəyyən adamlar var ki, onlar müxtəlif şüarlar altında Ermənistanı yenidən Rusiyanın təsirinə salmağa çalışır, Rusiyanın maraqlarını ölkələrində təmin etməyə cəhd göstərirlər”.
Müsahibimiz qeyd edib ki, seçkilərin nəticəsi hər zaman ciddi proseslərə gətirib çıxarır:
“Əgər Ermənistanda Paşinyan iqtidarının əvəzinə əvvəlki revanşist qüvvələr və ya Rusiyanın təsirində olan qruplar hakimiyyətə gələrsə, bu zaman Rusiya Cənubi Qafqazda “at oynadacaq”, açıq münaqişələr olmasa da, digər ölkələr daxili və xarici siyasətlərində Rusiya amilini daha çox nəzərə almalı olacaqlar”.
Cəlaloğlu ümid edir ki, Qərb Ermənistana kifayət qədər dəstək verəcək:
“Qərbin Qafqazda Rusiyaya qarşı duracaq bir ölkəyə ehtiyacı var. Azərbaycan və Gürcüstan Rusiya ilə açıq qarşıdurmaya getməz, müəyyən qədər ehtiyatlı mövqe tuturlar. Ermənistan isə ciddi şəkildə Qərbə doğru yol tutub. Əslində, bu günə qədər Ermənistanın belə rahat davranmamasının səbəbi Qarabağ məsələsi idi, ruslar bu münaqişə ilə həm də Ermənistanı tələyə salmışdılar. Yəni Qarabağ münaqişəsi Ermənistan dövləti üçün qanqrena idi. Ermənilər onu kəsib atıblar, artıq Rusiya bu kartdan istifadə edərək Ermənistana təsir göstərə bilməyəcək”.
ADP sədri hesab edir ki, Ermənistandakı seçkilər zamanı Rusiyanın agentura şəbəkəsinin üzvü olan qüvvələr məğlub olacaqlar.
Nemət Orucov
Reyting.az