Almaniyanın Paderborn şəhərində orta əsrlərə aid qeyd kitabçası aşkar edilib. XIII-XIV əsrlərə aid olan dəri kitabçanı arxeoloji qazıntılar zamanı tədqiqatçılar qədim hamamın bir hissəsi kimi istifadə edilmiş quyudan tapıblar.
Reyting.az-ın məlumatına görə, səkkiz əsr boyunca rütubətli və oksigensiz mühitdə qalan tapıntı demək olar ki, zədələnməyib.
10×7,5 santimetr ölçüsündə olan qeyd kitabçasının üz qabığı dəridən və ağacdan, səhifələri isə mumdandır. Elm adamlarının fikrincə, kitabçanın sahibi ondan gündəlik qeydlər üçün istifadə edib.
Alimlər bu tapıntının əhəmiyyətini onun dünyada indiyə qədər elm aləminə məlum olan ilk və qədim qeyd kitabçası olması ilə izah ediblər.
Tədqiqatçılar qeyd kitabçasının təsadüfən çuxura düşdüyünü və ola bilsin ki, yarımçıq yazıldığını ehtimal edirlər. Arxeoloqların ilkin ehtimalına görə, əşya yerli tacirə məxsus olub.
Mütəxəssislər bildiriblər ki, hazırda tədqiqat qrupunun birgə iştirakı ilə orta əsr yazılarının deşifrə olunması üzərində iş gedir.
Oqtay Qorçu