Səudiyyə Ərəbistanı Krallığı ərazisində inşa edilən və Ciddə şəhərində ucaldılacaq "JEC Tower” göydələninin tikintisi başa çatandan sonra bu layihə dünyanın ən hündür binası olacaq. Hündürlüyü 1000 metrdən də çox olacaq bu bina tarixdə ilk "kilometrlik" göydələn kimi qeydə alınacaq.
Reyting.az xarici mətbuata istinadla bildirir ki, 2013-cü ildən inşasına başlanılan bu layihə maliyyə çətinlikləri, pandemiya, həmçinin digər səbəblərlə bir neçə dəfə dayandırılsa da, son aylarda tikinti sürətlənib. Hazırda bu binada aparılan tikinti işləri sürətlə davam edir, eyni zamanda 100-dən çox mərtəbə artıq tamamlanıb.
Layihə müəllifləri bildiriblər ki, qüllə ən azı 157 mərtəbədən ibarət olacaq və burada dünyanın ən yüksək müşahidə meydançası yerləşəcək.
Tikintisi başa çatdıqdan sonra "JEC Tower" göydələni 2010-cu ildən bu yana rekordçu olan "Burj Khalifa" binasını demək olar ki, 200 metr üstələməklə, dünyanın ən hündür tikilisi kimi birincilik qazanacaq.

Oqtay Qorçu