Dünyanın ən böyük 50 bankının ümumi aktivləri 101,6 trilyon dollara çatıb.
Reyting.az xəbər verir ki, bu barədə “Visual Capitalist” nəşrinin 2025–2026-cı illəri əhatə edən statistik hesabatında bildirilir.
Reytinq siyahısında liderliyi Çin bankları qoruyur. İlk dördlükdə bu ölkənin “ICBC”, “Agricultural Bank of China”, “Bank of China” və “China Construction Bank” kimi dövlət bankları yer alıb. Həmin bankların ümumi aktivləri 25,5 trilyon dollar təşkil edir.
İnfoqrafikaya əsasən, 5-ci yerdə ABŞ-ın “JPMorgan Chase” bankı qərarlaşıb. Bankın aktivləri 4,4 trilyon dollardır. O, eyni zamanda bazar kapitallaşmasına görə dünyanın ən dəyərli bankı hesab olunur. Siyahıda onu “Bank of America” (3,4 trilyon dollar) izləyir.
İlk onluqda Avropanın ən böyük bankları olan “BNP Paribas”, “HSBC”, “Crédit Agricole” ilə yanaşı, Yaponiyanın nüfuzlu və etibarlı maliyyə qurumu sayılan “Mitsubishi UFJ Financial Group” da yer alıb.
Ümumilikdə, dünyanın ən böyük 50 bankının aktivləri 2025-ci ildə qlobal dövlət borcunun həcminə – təxminən 111 trilyon dollara yaxınlaşır.
İnfoqrafik reytinqdə Çin banklarının üstünlük təşkil etməsi nəticəsində bu ölkənin bank sektoru ümumi siyahının təxminən 39 faizini əhatə edir.

Oqtay Qorçu