Dünyada 448 min ton işlənmiş nüvə yanacağı toplanıb.
Reyting.az xəbər verir ki, bu barədə MAQATE-nin (Beynəlxalq Atom Enerjisi Agentliyi) yeni hesabatında bildirilir.
MAQATE-nin dünya ölkələrində işlənmiş nüvə yanacağının saxlanıldığı məntəqələri göstərən yeni interaktiv xəritəsinə əsasən, indiyədək dünya üzrə atom elektrik stansiyalarında təxminən 448 min ton işlənmiş nüvə yanacağı toplanıb. Bunun 322 min tonu hazırda müxtəlif anbarlarda saxlanılır, 126 min tonu isə təkrar emal edilib.
MAQATE ekspertlərinin bildirdiyinə görə, işlənmiş nüvə yanacağının 41 faizi su hovuzlarında, 31 faizi isə quru saxlama sistemlərində mühafizə olunur. Bəzi ölkələrdə köhnə nüvə yanacağı mərhələli şəkildə su hovuzlarından quru saxlama anbarlarına köçürülür.
Agentliyin istifadəyə verdiyi yeni interaktiv sistem dünya ölkələri üzrə işlənmiş nüvə yanacağının həcmini, saxlanma üsullarını və emal vəziyyətini izləməyə imkan verir. Xəritə dövlətlər tərəfindən təqdim edilmiş rəsmi məlumatlar əsasında hazırlanıb.
Qeyd edək ki, Finlandiya işlənmiş nüvə yanacağı üçün dünyada ilk dərin geoloji dəfn anbarını istifadəyə verməyə hazırlaşan ilk ölkə olacaq. MAQATE mütəxəssislərinin fikrincə, yaxın gələcəkdə bu cür layihələr digər ölkələrdə də həyata keçiriləcək.
Oqtay Qorçu