Ukraynaya sursat alınması üçün Çexiyanın irəli sürdüyü təşəbbüsdə iştirak edən ölkələrin sayı iki dəfə azalıb.
Reyting.az xəbər verir ki, Çexiya Prezidenti Petr Pavelin sözlərinə görə, hazırda təşəbbüsü yalnız doqquz ölkə maliyyələşdirir. Halbuki ötən il bu ölkələrin sayı 18 idi.
“Təşəbbüs hələ də aktivdir. Lakin yeni çətinlik ondan ibarətdir ki, artıq yalnız doqquz üzv dövlət maliyyə dəstəyi verir. Bu təşəbbüs Ukrayna üçün iriçaplı sursatların 50 faizədək hissəsini təmin edirdi. Buna görə də onu başqa vasitə ilə asanlıqla əvəz etmək mümkün deyil”, - deyə Prezident bildirib.
2024-cü ildən etibarən Praqa Ukraynanın tükənmiş sursat ehtiyatlarını bərpa etmək və Rusiyanın işğalına qarşı müdafiəsini gücləndirmək məqsədilə Kiyevə 4 milyondan çox iriçaplı artilleriya mərmisinin çatdırılmasını təşkil edib.
Pavelin sözlərinə görə, təşəbbüsün gələcəyi iyul ayında Ankarada keçiriləcək NATO sammitində müzakirə olunacaq.
Qeyd edək ki, Pavelin ofisi təşəbbüsdən çıxan ölkələrin adlarını açıqlamaqdan imtina edib. Qərb hərbi rəsmisinin sözlərinə görə, Almaniya və bəzi Skandinaviya ölkələri iştirakçı olaraq qalsalar da, bəzi dövlətlər artıq aparıcı ölkənin hakim siyasətçiləri tərəfindən belə yetərincə dəstəklənməyən təşəbbüsə maliyyə ayırmağı məqsədəuyğun hesab etmirlər.
Eyni zamanda, Çexiyanın Baş naziri Andrey Babiş bildirib ki, hökumət Ukraynaya dəstək verməkdənsə, İranla münaqişədən sonra artan enerji xərcləri fonunda çətinliklə üzləşən Çexiya vətəndaşlarının ehtiyaclarına məhdud dövlət vəsaitinin yönəldilməsinə üstünlük verir.
Y. Qacar