Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Gəncə “İmamzadə” ziyarətgahının imamı Hacı Tahir Abbasov ölkə ictimaiyyətinə müraciət ünvanlayıb.
Reyting.az müxtəlif xəstəliklərdən əziyyət çəkən və iki gün əvvəl görmə qabiliyyətinin bərpası məqsədilə əməliyyat olunan din xadimi Hacı Tahir Abbasovun müraciətini təqdim edir:
Bismillahir-rəhmanir-rəhim!
Başda dövlət başçımız olmaqla Azərbaycan ictimaiyyətinə, respublikamızın din xadimlərinə, şəhid ailələrinə və qazilərimizə müraciət edərək bildirirəm ki, uzun müddətdir əziyyət çəkdiyim ağır formalı şəkər xəstəliyi gözlərimdə ciddi problemlər yaratmış, görmə qabiliyyətimi itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Bununla əlaqədar mayın 7-də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində əməliyyat olundum. Cərrahi əməliyyat yüksək səviyyədə və tam təmənnasız həyata keçirildi.
Mərhum oftalmoloq-alim Zərifə Əliyeva da vaxtilə insanların gözlərini müalicə etmiş, Allahın mərhəməti ilə onlara nur bəxş etmişdir. Bu gün onun adını daşıyan mərkəz Elmar müəllimin rəhbərliyi ilə həmin xeyirxah missiyanı layiqincə davam etdirir.
Mərkəzin direktoru Elmar müəllim, baş həkim Aygün xanım, orada fəaliyyət göstərən dəyərli alim və həkimlərimiz - Müşfiq doktor, Cəmil doktor və bütün kollektiv insanlara yüksək səviyyədə xidmət göstərirlər. İnsanlara göstərilən qayğı xüsusi minnətdarlıq doğurur.
Bu xəstəxanada şəkərli diabet xəstələri şöbəsinə Müşfiq doktor, göz qişası şöbəsinə isə Cəmil doktor rəhbərlik edir. Hər iki həkim yüksək peşəkarlığı və insani keyfiyyətləri ilə seçilən şəxslərdir. Eləcə də hər iki şöbədə çalışan tibb bacıları və digər əməkdaşlar insanlara xoş münasibət və yüksək qayğı göstərirlər. Bu işdə Elmar müəllimin peşəkar idarəçiliyi də aydın şəkildə hiss olunur.
Xüsusilə qeyd etmək istəyirəm ki, orada çalışan Esmira xanımdan bir ana, bir bacı qayğısı gördüm. Həmçinin baş tibb bacısı Sevinc xanımın gülər üzü və xoş münasibəti daim xatirimdə qalacaqdır.
Buna görə həmin mərkəzin rəhbərliyinə və bütün kollektivinə təşəkkürümü bildirirəm.
Bu gün bu xəstəxanadan ayrılıram. Bura xəstəxana olsa da, bəlkə də bir qədər ağır səslənər, amma mən burada doğmalıq və yüksək qayğı gördüm. Görmə qabiliyyətimin bərpasında əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm.
Allahdan xalqımıza ruzi-bərəkət, dövlətimizə qüdrət, ordumuza rəşadət diləyirəm.
Əlavə olaraq qeyd edim ki, tibb işçilərimizin yüksək peşəkarlığını və fədakarlığını Vətən müharibəsi dövründə daha yaxından görmüşəm. Yaralı qazilərimizin həyatını xilas etmək üçün göstərdikləri səylərin şahidi olmuşam.
Zərifə xanım Əliyeva isə təkcə alim, həkim və ziyalı kimi deyil, həm də xalqımıza fateh bir oğul bəxş etmiş müqəddəs ana kimi yaddaşlarda yaşayır. Allah cənab Prezidentimiz İlham Əliyevi qorusun! Allah Ulu Öndərimizə rəhmət eləsin! Allah hər birinizdən razı olsun!
Bir daha mənimlə maraqlanan bütün insanlara sonsuz təşəkkürümü çatdırıram!