Advert
Advert

Din xadimi görmə qabiliyyətini tamamilə itirə bilər

Tarix:
Din xadimi görmə qabiliyyətini tamamilə itirə bilər
Reklam

Dünən təcili olaraq Bakıya gətirilən Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Gəncə şəhərindəki “İmamzadə” ziyarətgahının imamı Hacı Tahir Abbasov bu gün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində növbəti dəfə göz əməliyyatı olunub.

Bu barədə Reyting.az-a din xadiminin ailə üzvləri məlumat veriblər.

Yaxınlarının sözlərinə görə, Hacı Tahir Abbasov yenidən əməliyyat edilsə də, gözündə ciddi problemlər qalmaqdadır və onun görmə qabiliyyətini tamamilə itirmək riski var.

Ailə üzvləri bildiriblər ki, din xadiminin səhhəti ilə bağlı daha dəqiq məlumatın sabah əldə olunacağı gözlənilir.

Qeyd edək ki, Gəncə şəhərindən bir qrup qazi və şəhid ailələrinin üzvləri də Hacı Tahir Abbasovun səhhəti ilə maraqlanmaq üçün Milli Oftalmologiya Mərkəzinə gəliblər.

44 günlük Vətən müharibəsinin qazilərindən biri Reyting.az-a bildirib ki, Hacı Tahir daim qazilərin və şəhid ailələrinin problemləri ilə maraqlanıb, onlara mənəvi və digər dəstəyini əsirgəməyib:

“Bizim əlimizdən gələn ona şəfa diləmək və dua etməkdir. Görüşməyə icazə verilməsə də, onun tezliklə sağalması üçün dua edir, sağlamlığına qovuşmasını arzulayırıq”.

Şəhid ailələrinin üzvləri isə qeyd ediblər ki, Hacı Tahir Abbasov ömrünü dövlətinə, xalqına və milli-mənəvi dəyərlərimizin qorunmasına həsr edib:

“Ən ağır günlərimizdə, şəhidlərimizin dəfn və yas mərasimlərində, eləcə də sonrakı dövrlərdə Hacı Tahir hər zaman yanımızda olub, dərdimizi bölüşüb. O, həm də şəhid qardaşıdır və bu gün biz də onun yanındayıq. Hacı Tahir bu ağır günlərində belə xalqımıza, dövlətimizə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dualar edir. Bizim də borcumuz ona dua etməkdir. Uca Allahdan onun tezliklə sağalmasını diləyirik. Eyni zamanda dövlət başçısından və aidiyyəti qurumların rəhbərlərindən xahiş edirik ki, Hacı Tahir Abbasovun müalicəsini diqqətdə saxlasınlar”.

V. Quliyev
 

Reklam