“Türk Dövlətləri Təşkilatının yaranmasında və inkişafında Azərbaycanın xüsusi xidmətləri var. Bakı türk dünyasının siyasi və mədəni mərkəzlərindən birinə çevrilib”.
Reyting.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının Bakıda keçirilən sammiti ilə bağlı danışarkən deyib.
TDT-yə üzv dövlətlərin hökumət başçılarının Bakı səfərini xatırladan ƏHD Partiyasının sədri daha sonra əlavə edib: “Hökumət başçılarını qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev bir daha xüsusi vurğuladı ki, biz böyük türk ailəsinin bir üzvüyük. Türk xalqları yalnız müstəqil dövlətlərini qurmuş xalqlardan ibarət deyil. Bizə dost, qonşu və strateji tərəfdaş olan ölkələrdə milli muxtariyyətləri olan uyğurlar, qaqauzlar, tatarlar, başqırdlar və digər çoxsaylı türk xalqları yaşayır. TDT onlarla da əməkdaşlıq etməlidir. Kimlərin nə deyəcəyindən, özlərini necə aparacağından asılı olmayaraq, onları unutmamalı, onlarla hərtərəfli əməkdaşlıq etməliyik. Onlar da özlərini türk ailəsinin bir üzvü kimi hiss etməlidirlər, yaşadıqları ölkələrdə onlara hörmət olunmalıdır. Həmin xalqlar yaşadıqları ölkələrlə müstəqil türk dövlətləri arasında əlaqələrin genişlənməsinə daha böyük töhfə verə bilərlər”.
Q. Həsənquliyev əlavə edib ki, türk birliyi siyasi konyunkturadan asılı olan bir dəyər olmamalıdır: “Biz bütün dövlətlərin ərazi bütövlüyünə hörmət edirik. Türk xalqlarının sıx əməkdaşlığı beynəlxalq aləmdə onlara olan hörməti artırır”.
Partiya sədri qeyd edib ki, TDT-nin Avropa Birliyi modelində daha güclü iqtisadi, siyasi və hərbi birliyə çevrilməsi regionda və Avrasiya məkanında sülhə və rifaha böyük töhfə verə bilər.