Advert
Advert

Deputat: Azərbaycan polisi ərazi bütövlüyümüzün bərpasında müstəsna xidmətlər göstərib

Tarix:
Deputat: Azərbaycan polisi ərazi bütövlüyümüzün bərpasında müstəsna xidmətlər göstərib
Reklam

Azərbaycan polisi bu gün təkcə ictimai asayişin qorunması sahəsində deyil, həm də digər dövlət qurumları ilə birlikdə ölkənin konstitusiya quruluşunun mühafizəsi və vətəndaşların təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayır.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

O, ən kritik və böhranlı vəziyyətlərdə belə, birbaşa polisin səlahiyyətlərinə aid olmayan məsələlərdə də onun vətəndaşlara münasibətdə yüksək həssaslıq nümayiş etdirdiyinin, yaranmış vəziyyəti düzgün qiymətləndirərək təhlükəsizliyin təmin olunması istiqamətində mühüm addımlar atdığının şahidi olduqlarını bildirib:

"Bu gün hər birimiz gündəlik həyatda baş verən müxtəlif hadisələrdə bunun konkret nümunələrini görə bilirik. Şübhəsiz ki, cinayətkarlığa qarşı mübarizədə Azərbaycan polisinin xidməti və rolu hər kəsin gözü önündədir".

E. Mirzəbəyli vurğulayıb ki, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonrakı dövrə nəzər saldıqda hələ 1990-cı illərdən etibarən polisin dövlət müstəqilliyinin qorunması və suverenliyin təmin olunması istiqamətində böyük fədakarlıq nümayiş etdirdiyi aydın görünür:

"Birinci Qarabağ müharibəsində də, İkinci Qarabağ müharibəsində də Azərbaycan polisi suverenliyimizin qorunması, torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpası uğrunda müstəsna xidmətlər göstərib. Onlar Silahlı Qüvvələrimizin digər nümayəndələri ilə çiyin-çiyinə döyüşərək yüksək qəhrəmanlıq və rəşadət nümunəsi nümayiş etdirib, Vətən uğrunda canlarından keçiblər. Bu gün də onların qəhrəmanlığı xalqımızın yaddaşında silinməz iz buraxıb".

Milli Məclisin üzvü qeyd edib ki, Azərbaycan polisi hazırda da dövlətin konstitusiya quruluşunun qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, hüquq qaydasının möhkəmləndirilməsi və ölkədə sabitliyin qorunması istiqamətində öz vəzifələrini layiqincə yerinə yetirir:

"Azərbaycan polisi fəaliyyətini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanının müəyyən etdiyi dövlət siyasətinin prioritetlərinə uyğun şəkildə həyata keçirir və ölkədə sabitliyin, qanunçuluğun və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir".
 

Reklam