Arxeoloqlar təxminən 4800 il əvvələ aid olan, tam qorunmuş və neolit dövrünə aid qədim balta aşkar ediblər. Alət İsveçrənin Turqau adlı kantonunda, Boden gölü ərazisində yerləşən Ştekborn limanı yaxınlığında tapılıb.
Reyting.az-ın məlumatına görə, bu artefaktın unikallığı daş bıçağın, həmçinin ağacdan hazırlanmış balta sapının çox yaxşı vəziyyətdə qalmasıdır.
Tədqiqatçılar deyiblər ki, baltanın sapı möhkəmliyi ilə seçilən küknar ağacından, bıçağı isə Alp dağlarında rast gəlinən prazinit daşından hazırlanıb.
Alimlərin fikrincə, bu cür alətlər çox qədim zamanlarda yaşayan icma nümayəndələri tərəfindən ağac kəsmək və tikinti işlərində istifadə olunmaqla yanaşı, ola bilsin, rituallar üçün xüsusi bir məna kəsb edən alət olub.
Yeni tapılan bu qədim artefakt İsveçrədə yerləşən Frauenfeld Arxeologiya Muzeyində nümayiş olunur.
Oqtay QORÇU