Advert
Advert

Daha bir təhlükəli virus yayılır

Tarix:
Daha bir təhlükəli virus yayılır
Reklam

COVID-19-un yeni variantı - “Cicada” virusu yayılır.

Reyting.az xəbər verir ki, BA.3.2 (Cicada) ilk dəfə 2024-cü ilin noyabr ayında aşkar edilib və o vaxtdan etibarən ən azı 23 ölkədə qeydə alınıb. Fevral ayına olan vəziyyətə görə, yeni virus ABŞ-nın ən azı 25 ştatında da yayılıb.

Yeni variant bəzi bölgələrdə hələlik dominant ştamm hesab edilmir.

Vanderbilt Universitetinin yoluxucu xəstəliklər üzrə professoru Uilyam Şaffner “CBS News”-a deyib ki, yeni virusun dominant ştamma çevrilib-çevrilməyəcəyi hələ məlum deyil.

“Cicada” variantı Omicron ailəsinə aiddir və 70-75 mutasiya ilə yüksək dərəcədə dəyişmiş formadır. “Lancet” jurnalında dərc olunmuş son araşdırmaya görə, mövcud COVID-19 peyvəndləri dominant ştammlarla müqayisədə BA.3.2-yə qarşı daha az effektiv olsa da, qorumanı müəyyən qədər təmin edir.

Şaffner bildirib ki, bunlar hələ ilkin mərhələdir: “Bu variant əvvəlki illərdə əldə etdiyimiz immun qorumanın bir hissəsindən yayınmaq potensialına malikdir”.

Bildirilir ki, xəstəlik hallarının, təcili yardım müraciətlərinin və hospitalizasiyaların sayı ümumilikdə azalma tendensiyası göstərir.

Bununla belə, ayrı-ayrı ştatlarda vəziyyət fərqli ola bilər. Məsələn, Massaçusets və Florida ştatlarında yoluxma hallarının artma ehtimalı var.

“CBS News”-un məlumatına görə, bu variantın daha ağır xəstəliyə və ya hospitalizasiyaların artmasına səbəb olduğuna dair sübut yoxdur.

Qeyd olunur ki, virusun əsas simptomlarına qızdırma, öskürək, nəfəs darlığı, boğaz ağrısı və burun tutulması daxildir.

Xüsusilə 65 yaş və daha yuxarı şəxslər, eləcə də COVID-19 peyvəndi vurdurmayanlar və ya ağır xəstəlik riski yüksək olanlar üçün peyvənd olunmaq vacibdir. Yüksək risk qrupuna ürək və ağciyər xəstəlikləri, diabet kimi xroniki xəstəliklər və immun sistemi zəif olan şəxslər daxildir.

Şaffnerin fikrincə, yay mövsümündə mümkün artımdan qorunmaq üçün mayın sonu və ya iyunun əvvəlində peyvənd dozası qəbul etmək məsləhətdir. 

Professor əlavə edib ki, keçmiş illərdə də oxşar artımlar müşahidə olunub və bu il də belə olacağı gözlənilir.

R. Rəcəbov
 

Reklam