Çin şirkətləri ABŞ sanksiyalarına məhəl qoymadan Rusiya və İrandakı dron zavodlarına kütləvi şəkildə mühərriklər, çiplər və batareyalar tədarük edir.
Reyting.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Çin gömrük orqanlarının məlumatına görə, Çin şirkətləri Rusiya və İrana mühərriklərdən kompüter çiplərinə, fiber-optik kabellərə və giroskoplara qədər ikili təyinatlı məhsullarla dolu yüzlərlə konteyner göndərir. Məsələn, “Xiamen” və “Victory Technology” şirkətləri ABŞ-ın bu ölkələrə satışına qadağa qoyduğu “Şahed-136” dronunun əsas komponentlərindən biri olan Limbach L550 mühərriklərini satır.
Ukraynaya qarşı istifadə edilən “Şahed” dronlarının ilk versiyaları mikroelektronika, dəqiq hərəkət nəzarəti üçün servo mühərriklər, eləcə də ABŞ və Avropada istehsal olunmuş digər vacib komponentlərlə təchiz edilib. Lakin ABŞ Maliyyə Nazirliyinin araşdırmalarına görə, bu hissələrin demək olar ki, hamısı səlahiyyətli distribyutorlar vasitəsilə Çinin materik hissəsindəki və ya Honkonqdakı pərakəndə satış şirkətlərinə yönləndirilib və sonradan İrana və ya Rusiyaya göndərilib. Ödənişlər isə adətən Honkonqda asanlıqla yaradılan və komponentlərin son təyinat yerini gizlətməyə kömək edən digər şirkətlər vasitəsilə həyata keçirilib.
Qeyd olunur ki, Çindən fiber-optik kabel tədarükü 2024-cü ilin payızında, Rusiyanın Kursk bölgəsini geri almaq üçün fiber-optik idarə olunan dronlardan uğurla istifadə etməsindən qısa müddət sonra artıb. Daha kəskin artım isə 2025-ci ilin aprelində Ukraynanın Saransk şəhərinə hücumundan sonra baş verib. Bu hücum Rusiyanın həmin kabellərin əsas təchizatçısını sıradan çıxarıb.
Rusiya ordusu batareya ilə işləyən kvadrokopterlərin istehsalını artırdıqca, bu ölkəyə litium-ion batareyalarının ixracı da kəskin şəkildə yüksəlib və o vaxtdan bəri yüksək səviyyədə qalır.
İrana batareya və fiber-optik kabel ixracında oxşar artım ötən ilin iyul-avqust aylarında, İranın İsraillə 12 günlük müharibəsindən dərhal sonra müşahidə olunub. İran və Rusiya ilə ikili təyinatlı ticarətin əhəmiyyətli hissəsi kiçik və çevik Çin şirkətləri tərəfindən həyata keçirilir. Bu şirkətlər nadir hallarda dollarla işlədiklərinə görə ABŞ sanksiyalarından daha az təsirlənirlər.
“Victory Technology” şirkətinə gəldikdə isə, onun veb-saytı yanvar ayının sonlarında - ABŞ-ın İrana qarşı mübarizə məqsədilə Yaxın Şərqdə hərbi resurslar yerləşdirməyə başlaması ilə eyni dövrdə internetdə peyda olub. Şirkətin saytı ingilis, alman, rus və bir neçə başqa dildə fəaliyyət göstərir, lakin Çin dilində deyil. Saytda L550 mühərriki fotoşəkillərdə və tanıtım videosunda xüsusi vurğulanır.
Digər yerli şirkət - “Xiamen Limbach” isə 2024-cü ilin sonunda Rusiyaya “Şahed” dronlarında istifadə olunan L550 mühərriklərini tədarük etdiyinə görə ABŞ tərəfindən sanksiyaya məruz qalıb. Təxminən eyni dövrdə şirkət Avropa İttifaqı tərəfindən də sanksiyaya salınıb. Səbəb isə onun “Şahed” dronlarının istehsalında iştirak edən qurumlarla mühərrik dizaynlarını paylaşması olub. Şirkətin Çin ana qurumu isə bu mühərriki ilkin olaraq hazırlayan Alman şirkətinə nəzarət edir.
Əvvəllər media orqanları Çinin qlobal dron istehsalında dominant mövqeyə malik olduğunu, İran və Rusiyanın bu sahədə böyük ölçüdə ondan asılı olduğunu bildirirdi.
Dronların əksəriyyəti texniki baxımdan nisbətən sadə qurğular olduğundan, ABŞ-ın Çinlə rəqabət apara bilməməsinin əsas səbəbi texnologiya deyil. Problem daha çox Çinin istehsal miqyası və buna bağlı olaraq xərclər üzrə üstünlüyüdür. Məsələn, ABŞ istehsalı olan hərbi kvadrokopterlərin qiyməti 15 min dollardan çox ola bilər ki, bu da oxşar Çin istehsalı dronlardan ən azı üç dəfə bahadır.
V. Quliyev