“Ermənistanda seçki kampaniyası gedir. Müşahidələrim göstərir ki, bu ölkədə hakimiyyətə iddia edən hərbi cinayətkarlar dəstək qazanmayacaq və seçicilər onlara etimad göstərməyəcəklər”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə gələn ay Ermənistanda keçiriləcək parlament seçkiləri, bu seçkilərin mümkün nəticələri və bundan sonra ehtimal olunan proseslər barədə danışarkən deyib.
Ermənistan əhalisinin sülh istədiyini bildirən A. Mollazadənin fikrincə, Moskvadan gəlib Ermənistanda siyasətlə məşğul olan və seçkilərdə iştirak edən fiqurlar da uğur qazana bilməyəcəklər.
Deputatın sözlərinə görə, təkcə Ermənistanı deyil, bütün bölgəni gərginliyə və qarşıdurmaya sürükləmək istəyən siyasətçilər tarixin zibilliyinə göndərilməlidirlər.
A. Mollazadənin qənaətincə, bu seçkilərdə baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi düşərgə qalib gəlməli, Azərbaycanla sülh prosesi irəliləməli, bütövlükdə regionda ticarət əlaqələri genişlənməlidir:
“Bu baxımdan hesab edirəm ki, seçkilərdə Paşinyan qalib gələcək və hakimiyyətini qoruyub saxlayacaq. Ermənistandakı seçki kampaniyası da bunu göstərir”.
Milli Məclisin üzvü əlavə edib ki, seçkilərə təsir göstərmək və ümumilikdə Qafqazda gərginlik yaratmaq indi o qədər də asan məsələ deyil. O, buna misal olaraq dünyadakı vəziyyəti göstərib:
“Rusiyanın bu baxımdan imkanları olduqca məhduddur. Xüsusilə Ukrayna müharibəsindən sonra bu imkanlar getdikcə daralıb. Qonşu İranın da vəziyyəti göz önündədir. Onlar müharibədən yeni çıxıblar və bundan sonra nə olacağı məlum deyil. Odur ki, Qafqaza müdaxilə və sair indi o qədər də mümkün deyil. Əksinə, hazırda Cənubi Qafqazda yeni sistem formalaşır. Bu, sülh və əmin-amanlıq modelidir. Bundan da hər kəs yararlana bilər”.
Partiya sədri sonda qeyd edib ki, Azərbaycan hər zaman qonşuları ilə mehriban, qarşılıqlı maraqlara söykənən və bərabərhüquqlu münasibətlərə üstünlük verir.
Nemət Orucov
Reyting.az