Yeni dünya nizamının formalaşması mürəkkəb və uzunmüddətli prosesdir. Hazırda ABŞ, Çin, Rusiya, Avropa İttifaqı və digər regional güclər beynəlxalq sistemdə daha böyük təsir uğrunda rəqabət aparırlar ki, bu da vahid nizamın qısa müddətdə yaranmasını çətinləşdirir. Bununla belə, iqtisadi bloklaşma, yeni təhlükəsizlik alyanslarının meydana çıxması və çoxtərəfli əməkdaşlıq formatlarının dəyişməsi gələcək dünya nizamının bəzi konturlarının artıq formalaşmağa başladığını göstərir.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə “Reytinq” qəzetinə açıqlamasında deyib ki, dünya yeni nizamından çox uzaqdadır. Yəni yeni dünya nizamı gözlədiyimizin əksinə olaraq tezliklə yaranmayacaq.
Onun sözlərinə görə, köhnə dünya nizamından qalan institutların hamısı mövcuddur. Məsələn, Avropa Birliyi, Avropa Şurası, BMT, MAGATE, ATƏT və başqaları hələ də fəaliyyətlərini davam etdirirlər.
Partiya sədri qeyd edib ki, yeni dünya nizamı ilə bağlı elementlər tədricən ortaya çıxmağa başlayıb. O, buna misal kimi milli və regional əsasda dövlətlərin birləşməsini, ölkələrin maraqlar əsasında bir araya gəlməsini və buna bənzər digər halları göstərib. S. Cəlaloğlunun fikrincə, belə birləşmələr hələlik sabit xarakter almayıb.
“Digər tərəfdən, dünyada supergüclü dövlətlərin siyahısı hələ müəyyənləşməyib. Bu siyahıda Amerika və Çin var. Rusiya belə güc olduğuna iddia edir. Həmçinin Fransa belə iddiadadır. Eyni zamanda Braziliya, Türkiyə, Hindistan və s. qüvvələrin də iddia və niyyətləri mövcuddur. Hələlik bunların legitimliyi, yəni dünya gücləri kimi qəbul olunmaları üçün zaman lazımdır”, - deyən partiya sədri bu baxımdan dünyada müharibələrin dayanacağı və sabitliyin olacağını gözləmir: “Yaxın dövr üçün belə ssenari və durum gözləməzdim. Ola bilsin ki, məsələlər danışıqlar müstəvisinə keçsin, bir sıra qarşıdurma və müharibələrlə bağlı razılaşmalar olsun, hətta sülh müqaviləsi imzalansın. Ancaq yeni münaqişələrin ortaya çıxacağı qaçılmazdır”.
Onu da qeyd edək ki, yeni dünya nizamı ilə bağlı prosesin hansı istiqamətdə inkişaf edəcəyi böyük dövlətlər arasındakı münasibətlərdən və qlobal böhranların gedişindən asılı olacaq.
Nemət Orucov
Reyting.az