Ərzaq balansının tərtibi ilə bağlı zəruri məlumatların təqdim edilməməsinə görə cərimələr müəyyənləşib.
Reyting.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilməsi nəzərdə tutulub.
Məcəlləyə təklif olunan yeni maddəyə görə, ərzaq balansının tərtibi üçün fermerlər və tədarükçülər tərəfindən kənd məhsullarının təsərrüfatı istehsalına (tədarükünə) dair məlumatların ildə bir dəfə, həmin məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə aylıq məlumatların isə növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilməməsinə görə fiziki şəxslər 100 məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 500 manat məbləğində cərimə ediləcək.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müəyyən edilmiş məhsullara dair məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ərzaq balansının tərtibi ilə bağlı ildə bir dəfə verilən yazılı sorğusuna əsasən ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən 15 iş günü müddətində təqdim edilməməsinə görə vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 500 manat məbləğində cərimə ediləcək.
Bundan başqa, inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1 000 manat məbləğində cərimə ediləcək.
Həmçinin inzibati xətaları törətmiş şəxs həmin xətaların törədilməsinə səbəb olan halları 10 iş günü müddətində aradan qaldırdıqda inzibati məsuliyyətdən azad olunacaq.
Qeyd edək ki, dəyişiklik layihəsi parlamentin mayın 26-da keçiriləcək plenar iclasının gündəliyinə salınıb.