Bəziləri yanlış olaraq Braziliya futbolunun ənənəvi oyun üslubunu "cingo" adlandırır. Lakin bu adda tanınmış və ya rəsmi oyun üslubu mövcud deyil. Mütəxəssislərin fikrincə, bu ifadə çox güman ki, portuqal dilində "gözəl oyun" mənasını verən "jogo bonito" termini ilə qarışdırılıb.
Reyting.az xatırladır ki, "jogo bonito" adlanan və Braziliyada əsasən küçə futbolunda formalaşan bu məşhur oyun tərzi uzun illərdir ölkə futbolunun simvoluna çevrilib. Qısaca "jogo bonito" adlandırılan bu üslub Braziliya futbolunun fəlsəfəsi hesab olunur. Onun əsas xüsusiyyətləri yüksək texniki hazırlıq, topa mükəmməl nəzarət, fərdi ustalıq, yaradıcılıq, improvizasiyaya əsaslanan hücum futbolu, sürətli qısa ötürmələr və baxımlı kombinasiyalardır.
Bu orijinal oyun tərzi məhz Braziliyada formalaşıb. Onun yaranması təxminən XX əsrin ortalarına, küçə futbolunun və futzalın geniş yayıldığı dövrə təsadüf edir. Dar meydançalarda, qum və torpaq örtüklü sahələrdə futbol oynayan uşaqların topa nəzarəti, çevikliyi, sürəti və improvizasiya bacarıqları məhz bu şəraitdə inkişaf edib. Küçə futbolu sonradan "Futbol kralı" Pele, Qarrinça, Ziko, Ronaldinyo, Neymar və digər dünya şöhrətli braziliyalı futbolçuların yetişməsində mühüm rol oynayıb.
Məlumat üçün bildirək ki, "jogo bonito" oyun üslubunun ən parlaq nümayəndələri aşağıdakılardır:
Pele - "Futbol kralı", Braziliya millisinin hücumçusu, üçqat dünya çempionu və "jogo bonito" fəlsəfəsinin əsas simvolu.
Qarrinça - İnanılmaz driblinqləri və fintləri ilə tanınıb.
Ziko - 1980-ci illərin ən texnikalı oyun qurucularından biri və "jogo bonito" üslubunun ən parlaq nümayəndələrindən hesab olunur.
Sokrates - Zərif ötürmələri, yüksək oyun intellekti və yaradıcı futbolu ilə seçilib.
Romario - Qeyri-adi texnikası, qolçuluq instinkti və ustalığı ilə məşhur olub.
Ronaldo Nazario - Sürəti, driblinqləri, fintləri və məhsuldarlığı sayəsində futbol tarixinin fenomenlərindən biri hesab edilir.
Rivaldo - Güclü uzaq məsafədən zərbələri və yüksək texniki bacarığı ilə tanınıb.
Ronaldinyo - Müasir dövrdə "jogo bonito" anlayışının ən parlaq simvollarından biri sayılır.
Kaka - Sürətli, zərif və yüksək texniki oyun tərzi ilə fərqlənib.
Neymar - Müasir Braziliya futbolunun ən yaradıcı oyunçularından biri hesab olunur. O, yüksək driblinq bacarığı, topa mükəmməl nəzarəti və rəqibləri fərdi texnikası ilə üstələməsi ilə tanınır.
Oqtay Qorçu