BBC maliyyə təzyiqləri ilə mübarizə aparmaq məqsədilə təxminən 1800-2000 əməkdaşını ixtisar edəcəyini açıqlayıb. Bu, demək olar ki, hər 10 iş yerindən birinə bərabərdir.
Reyting.az xəbər verir ki, yayımçı bununla növbəti iki il ərzində 500 milyon funt sterlinq qənaət etməyi planlaşdırır. Müvəqqəti baş direktor Rhodri Talfan Davies bəzi kanalların və ya xidmətlərin dayandırılmasının da istisna olunmadığını bildirib.
“Biz hər şeyi nəzərdən keçirməliyik. 500 milyon funt sterlinq həcmində qənaət qaçılmaz olaraq böyük və çətin qərarlar tələb edəcək. Lakin bu prosesi diqqətlə idarə etməliyik”, - deyə o, BBC Radio 4-ün “Media Show” proqramında qeyd edib.
O, həmçinin bu dəyişikliklərin BBC xidmətlərinə necə təsir edəcəyi ilə bağlı daha ətraflı məlumatın ilin sonuna qədər açıqlanacağını bildirib.
“Qarşıdakı üç-dörd ay ərzində əsas vəzifəmiz radio, televiziya və onlayn platformalarda tamaşaçılar üçün vacib olan xidmətlərə zərər vermədən bu dəyişiklikləri necə həyata keçirəcəyimizi müəyyənləşdirməkdir”, - deyə Davies əlavə edib.
BBC rəhbərliyi etiraf edir ki, bu ixtisarlar işçilər üçün “həqiqətən çətin xəbər” olacaq.
Yayım birliyinin rəhbəri Filippa Çaylds isə xəbərdarlıq edərək bildirib ki, “bu miqyasda ixtisarlar həm işçi heyəti, həm də ümumilikdə BBC üçün dağıdıcı təsir göstərəcək”.
Qeyd edək ki, BBC-də hazırda təxminən 21 500 tam ştatlı əməkdaş çalışır.
Y. Qacar