Advert
Advert

Bayden Ədliyyə Nazirliyini məhkəməyə verib

Tarix:
Bayden Ədliyyə Nazirliyini məhkəməyə verib
Reklam

ABŞ-ın keçmiş prezidenti Cozef Bayden Ədliyyə Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb. Buna səbəb onun 2016 və 2017-ci illərdə memuarının müəllifi ilə etdiyi söhbətlərin səs yazılarının yayımlanmasının qarşısını almaq istəyidir. Həmin söhbətlərdə Baydenin böyük oğlunun xərçəng xəstəliyindən vəfatı ilə bağlı məqamlar da yer alıb.

Reyting.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Baydenin iddia ərizəsində məhkəmədən Ədliyyə Nazirliyinin bu materialları açıqlamasına qadağa qoyulması tələb olunur.

Keçmiş prezident respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının Məhkəmə Komitəsinin həmin səs yazılarını əldə etməsinə qarşı çıxır. 

Demokrat siyasətçinin sözlərinə görə, bu qeydlər kitabın hazırlanması prosesinin bir hissəsi olub və tez-tez şəxsi, həssas mövzuları əhatə edib. 

Bayden bildirib ki, 2015-ci ildə xərçəngdən vəfat edən böyük oğlu Bo Baydenlə bağlı xatirələr də həmin söhbətlərdə yer alıb.

İddia ərizəsində qeyd olunur ki, Ədliyyə Nazirliyi bu materialları 2023-cü ildə Baydenin məxfi sənədlərlə işləməsi ilə bağlı aparılan istintaq çərçivəsində əldə edib. Araşdırmanın yekununda isə onun cinayət məsuliyyətinə cəlb olunması üçün əsas olmadığı qənaətinə gəlinib.

Keçmiş prezident hesab edir ki, materialların yayımlanması şəxsi həyatın toxunulmazlığı prinsipini pozur. İddia ərizəsində vurğulanır ki, Donald Tramp administrasiyası dövründə Ədliyyə Nazirliyi əvvəlki mövqeyini dəyişib və fevral ayında səs yazıları ilə transkriptləri iyunun 15-də qanunvericilərə təqdim etməyi planlaşdırdığını açıqlayıb.

V. Quliyev
 

Reklam