Media orqanları Böyük Britaniyada yanğınlar, təxribatlar və ictimai qeyri-sabitlik yaratmaq məqsədilə cinayətkarları sosial şəbəkələr vasitəsilə cəlb edən şəbəkənin fəaliyyətini üzə çıxarıb. İddialara görə, rusiyapərəst kiberqruplar, xüsusilə “NoName” qrupu, Kremlin maraqlarını irəli aparmaq və Avropada sosial gərginliyi artırmaq məqsədilə onlayn vasitəçilərdən istifadə etməyə çalışıblar.
Reyting.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.
Müstəntiqlər həmin şəbəkənin Böyük Britaniyada insanları islamofob təxribatlara və Baş nazir Keir Starmerlə əlaqəli obyektlərə qarşı hücumlara cəlb etdiyi ehtimalını irəli sürürlər.
Bildirilir ki, yanğın hücumlarını təşkil edən qrup Londondakı məscidlərə və digər obyektlərə islamofob şüarlar və qraffiti yazmaq üçün də şəxslər cəlb edib. Müstəntiqlərin fikrincə, bu fəaliyyətlər Böyük Britaniyada sosial qarşıdurmanı süni şəkildə alovlandırmağa yönəlmiş daha geniş kampaniyanın tərkib hissəsidir.
“NoName” qrupunun Rusiya hökuməti ilə əlaqələri rəsmi şəkildə təsdiqlənməsə də, ABŞ-ın Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) hesab edir ki, qrupla əlaqəli bəzi vasitələr Kremlin himayəsi altında fəaliyyət göstərən bir təşkilat tərəfindən yaradılıb. Amerikalı ekspertlərin qiymətləndirməsinə görə, şəbəkə üzvlərinin bir hissəsi ideoloji motivlərlə hərəkət etsə də, digərlərinin Rusiya hökuməti ilə birbaşa və ya dolayı əlaqələri ola bilər.
Hərbi ekspert Mark Qaleotti bildirib ki, bu tip qrupların əksəriyyəti hökumətdən birbaşa göstəriş almır, lakin onların fəaliyyəti Kremlin maraqları ilə üst-üstə düşür. Onun sözlərinə görə, belə hücumların sayı artdıqca Moskvanın proseslərdə iştirakını inkar etməsi daha da çətinləşir.
İstintaq çərçivəsində özünü Britaniyanın ifrat sağçı hərəkatı kimi təqdim edən “Birbaşa Fəaliyyət” təşkilatına xüsusi diqqət yetirilib. Qrup Telegram və digər sosial media platformaları vasitəsilə məscidlərə və polis avtomobillərinə hücum çağırışları yayıb, həmçinin partlayıcı qurğuların hazırlanmasına dair təlimatlar paylaşıb. Məlumata görə, iştirakçılara Keir Starmer hökumətinə qarşı aksiyalara görə maddi mükafatlar da vəd edilib.
Araşdırma nəticəsində qrupun əslində Rusiyadan idarə olunduğu müəyyən edilib. Təşkilat üzvlərinin yerləşdikləri məkanı gizlətmək üçün VPN xidmətlərindən istifadə etdikləri, bəzi təbliğat materiallarını isə süni intellekt vasitəsilə hazırladıqları bildirilir. Ara-sıra buraxılan texniki səhvlər onların mənşəyini üzə çıxarıb. Bəzi ingilisdilli paylaşımlarda kiril əlifbasından istifadə olunub və ya paylaşımlar Rusiya saat qurşağına uyğun vaxtlarda dərc edilib.
Müstəntiqlərin məlumatına görə, cinayət əməllərində iştirak edən şəxslərdən biri Lavrinoviç soyadlı şəxs olub. Məhkəmə sənədlərində qeyd edilir ki, o, tapşırıqları “El Money” təxəllüsü ilə tanınan şəxsdən alıb. Lavrinoviç əvvəlcə Londonda “Birbaşa Fəaliyyət” təşkilatının təbliğat plakatlarını yerləşdirib. Daha sonra isə ona Keir Starmerə əvvəllər məxsus olmuş “Toyota RAV4” markalı avtomobili və baş nazirlə əlaqələndirilən iki əmlakı yandırmaq tapşırığı verildiyi bildirilir.
N. Orucov