“Bakı Enerji Həftəsi” Azərbaycanın enerji sektorundakı rolunu beynəlxalq səviyyədə gücləndirərək ölkəni qlobal enerji dialoqunun əsas mərkəzlərindən biri kimi təqdim edir. Eyni zamanda, tədbir xarici investorlar və enerji şirkətləri üçün yeni əməkdaşlıq imkanları yaradaraq ölkəyə investisiya axınını təşviq edir. Həftə çərçivəsində aparılan müzakirələr enerji təhlükəsizliyi, yaşıl enerji və yeni texnologiyalar sahələrində təcrübə mübadiləsinə şərait yaradır. Azərbaycan üçün bu platforma neft-qaz sektoru ilə yanaşı, bərpa olunan enerji potensialını da beynəlxalq auditoriyaya tanıtmaq imkanı verir.
Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə paytaxtda keçirilən “Bakı Enerji Həftəsi” forumunu və Prezident İlham Əliyevin tədbirdəki çıxışını “Reytinq” qəzetinə şərh edərkən bildirib ki, artıq bir sıra mühüm beynəlxalq tədbirlər ənənəvi olaraq Azərbaycanda keçirilir və dünyada böyük maraqla qarşılanır.
A. Mollazadənin fikrincə, “Bakı Enerji Həftəsi” də belə tədbirlərdən biridir. Azərbaycan bu tədbiri keçirməklə həm dünya enerji sistemindəki rolunu nümayiş etdirir, həm də uzun illər ərzində qazandığı təcrübəni beynəlxalq ictimaiyyətlə bölüşür.
Partiya sədrinin sözlərinə görə, Azərbaycanın bu sahədəki təcrübəsi xüsusi əhəmiyyət daşıyır:
“Bir çox ölkələr yaşıl enerjiyə keçid məsələsində tələsdilər və nəticədə istədikləri uğuru əldə edə bilmədilər. Azərbaycanda isə bu proses mərhələli şəkildə həyata keçirilir. Yaşıl enerjiyə keçid balanslı və düşünülmüş şəkildə aparılır. Məhz buna görə də Azərbaycan bu məsələdə tarazlığı qoruyub saxlaya bilir”.

A. Mollazadə
Asim Mollazadə xatırladıb ki, Prezident İlham Əliyev tədbirdəki çıxışında Azərbaycanın enerji sahəsində qazandığı təcrübədən, həyata keçirilən layihələrdən və gələcək planlardan bəhs edib, ölkənin hər zaman investisiyalara açıq olduğunu vurğulayıb.
“Azərbaycan öz iqtisadiyyatını düzgün və balanslı şəkildə formalaşdırıb. Bu siyasət ölkəmizə mühüm uğurlar qazandırıb. Nəticədə dövlətimiz güclənib, Azərbaycana qarşı ərazi iddialarının qarşısı alınıb. Bu uğurlarda Silahlı Qüvvələrimizin mühüm rolu var. Şübhəsiz ki, iqtisadiyyat güclü və dayanıqlı olmasaydı, güclü ordu qurmaq da mümkün olmazdı. Bu gün Azərbaycanın gücünün əhəmiyyətli hissəsi məhz düzgün iqtisadi siyasətin nəticəsidir. Bu baxımdan enerji sektorunun əhəmiyyəti olduqca böyükdür”.
A. Mollazadə əlavə edib ki, Azərbaycan mövcud imkanlarından istifadə edərək müstəqil siyasət həyata keçirir. Onun fikrincə, müasir dövlətin və güclü ordunun əsasında iqtisadiyyatda qəbul edilən düzgün qərarlar dayanır.
Deputat bildirib ki, Azərbaycanın malik olduğu imkanlardan gələcək nəsillər də faydalanmalıdır:
“Azərbaycan yeni peşəkar kadrlar hazırlamalıdır. Gənc nəsil müasir təhsil proqramlarından, innovativ texnologiyalardan və qabaqcıl elmi nailiyyətlərdən yararlanmalıdır. Bunun üçün yeni layihələr və proqramlar həyata keçirilməlidir. Azərbaycanın imkanları var ki, dünyanın aparıcı universitetlərinin və elmi mərkəzlərinin təcrübəsindən geniş şəkildə istifadə etsin”.
Nemət Orucov
Reyting.az