“ABŞ Prezidenti Donald Tramp və onu dəstəkləyənlər sülhə mane olan bütün hərəkət və siyasətlərə dərhal son qoymalı, xalqımızın və ölkəmizin hüquqlarına hörmət etməlidirlər”.
Reyting.az-ın məlumatına görə, bu barədə Yəməndəki “Ənsar Allah” hərəkatı bəyan edib.
Qeyd olunur ki, Yəməndəki husilər ABŞ Prezidenti Donald Trampın regiondakı siyasətinə cavab olaraq Ərəbistan yarımadasını Afrikadan ayıran Bab əl-Məndəb boğazını beynəlxalq gəmiçilik üçün bağlamağa hazırdırlar. Bu barədə hərəkat liderlərindən biri, husilərin yaratdığı hökumətdə xarici işlər nazirinin müavini Hüseyn əl-Əzzi bildirib.
“Əgər Səna Bab əl-Məndəb boğazını bağlamaq qərarına gəlsə, nə insanlar, nə də cinlər onu aça bilməyəcək. Buna görə də Tramp və onu dəstəkləyənlər sülhə mane olan bütün addımlara dərhal son qoymalıdır”, - deyə o, sosial şəbəkə “X”də yazıb.
Xatırladaq ki, aprelin 2-də Husi hökumətinin informasiya nazirinin müavini Məhəmməd Mənsur xəbərdarlıq etmişdi ki, “Ənsar Allah” hərəkatı təkcə İrana qarşı eskalasiya halında deyil, həm də Livandakı “Hizbullah” hərəkatını qorumaq üçün Bab əl-Məndəb boğazını bağlaya bilər. Onun sözlərinə görə, bu ssenari neftin qiymətinin bir barel üçün 200 dollara qədər yüksəlməsi ilə nəticələnər.
Y. Qacar