Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranla mümkün müharibə zamanı qlobal bazarlarda ciddi qarışıqlığa səbəb ola biləcək Hörmüz boğazından asılılığı azaltmaq məqsədilə 2027-ci ilə qədər xam neft ixrac gücünü ikiqat artırmağı planlaşdırır.
Reyting.az xəbər verir ki, Əbu-Dabi Milli Neft Şirkəti Oman körfəzi sahilində yerləşən Fuceyra limanı istiqamətində yeni neft kəməri layihəsi həyata keçirir.
Dövlətə məxsus neft şirkəti artıq səhra neft yataqlarından ölkənin şərq sahilində yerləşən limana qədər gündəlik 1,5 milyon barel ötürmə gücünə malik boru kəmərini idarə edir. Bu xətt müharibə şəraitində ölkə üçün strateji əhəmiyyət daşıdığını sübuta yetirib.
Sözügedən boru kəməri on ildən artıqdır fəaliyyət göstərir və İranın Yaxın Şərqdəki gərginlik fonunda qlobal neft və qaz tədarükünün təxminən beşdə birinin keçdiyi Hörmüz boğazı üzərində təzyiqi artırması səbəbindən daha da əhəmiyyətli hesab olunur. Lakin mövcud xətt ADNOC-un adi ixrac həcminin yarısından azını daşımaq gücünə malikdir.
Qeyd edək ki, BƏƏ və Səudiyyə Ərəbistanı İranla bağlı mümkün hərbi qarşıdurma zamanı bazara əhəmiyyətli həcmdə əlavə neft tədarük edə biləcək Fars körfəzi regionunun əsas istehsalçıları sayılır. Hər iki ölkənin dövlət neft şirkətləri son həftələrdə İranın mümkün blokadasını qismən aşaraq Fars körfəzindən bəzi neft yüklərini daşımağa nail olublar.
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra Hörmüz boğazından keçid demək olar ki, fasilələrlə məhdudlaşdırılıb - əvvəlcə Tehran, daha sonra isə ABŞ qüvvələri tərəfindən.
Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı da Hörmüz boğazına alternativ marşrut yaratmaq məqsədilə yükdaşımalar üçün yeni dəmir yolu dəhlizinin açıldığını elan edib.
E. Kamal