Dünən Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqının 20-ci Sessiyası Azərbaycanın İslam dünyasında siyasi və diplomatik nüfuzunun daha da möhkəmləndiyini göstərir. Tədbir ölkəmizə müsəlman dövlətləri ilə əməkdaşlığı genişləndirmək, ortaq problemlərin həllində daha fəal rol oynamaq imkanı yaradır. Sessiya İslam ölkələri arasında siyasi dialoqun, iqtisadi əlaqələrin və parlament diplomatiyasının güclənməsinə töhfə verir.
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Azərbaycan Prezidenti İlham Əliyevin İƏT-ə üzv dövlətlərin Parlament İttifaqının Bakıda keçirilən 20-ci Sessiyasının iştirakçılarına ünvanladığı müraciəti şərh edərkən “Reytinq” qəzetinə bildirib ki, Azərbaycan bu təşkilata hər zaman xüsusi yanaşıb və qurum daxilində fəal fəaliyyət göstərib.
A. Mollazadə qeyd edib ki, Azərbaycanın 2027-ci ildə İƏT-ə sədrlik edəcəyi təsadüfi deyil:
“Əslində, Prezident İlham Əliyevin İƏT-ə üzv dövlətlərin Parlament İttifaqının 20-ci Sessiyasının iştirakçılarına göndərdiyi müraciətdə ölkəmizin hansı işləri görəcəyi və hansı məsələlərə prioritet yanaşacağı açıq şəkildə qeyd olunub. Hesab edirəm ki, Azərbaycanın sədrliyi dövründə bu təşkilat daha da inkişaf edəcək”.
Deputat xatırladıb ki, Azərbaycan torpaqları Ermənistan və onu dəstəkləyən qüvvələr tərəfindən işğal olunduğu dövrdən başlayaraq ərazilərimizin işğaldan azad edilməsinədək İƏT daim Azərbaycanı dəstəkləyən qətnamələr qəbul edib:
“Azərbaycan dövləti İƏT-in bu məzmunlu qərar və qətnamələrini hər zaman yüksək qiymətləndirib və quruma minnətdarlığını ifadə edib. Sözsüz ki, Azərbaycan dövləti bu dəstəyi unutmayacaq”.
Mollazadə bildirib ki, Azərbaycan 2027-ci ildə İƏT-ə sədrliyi üzərinə götürərək İslam həmrəyliyinin möhkəmləndirilməsi, üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsi, dayanıqlı və inklüziv inkişaf naminə birgə səylərin artırılması istiqamətində ciddi fəaliyyət göstərəcək:
“Burada söhbət yalnız iqtisadiyyat və enerji daşıyıcılarından getmir. Azərbaycan çalışacaq ki, İƏT daxilində mədəniyyət və təhsil sahələrində əməkdaşlıq daha da güclənsin, üzv dövlətlər arasında yaxınlaşma dərinləşsin. Sözsüz ki, sədrliyimiz dövründə İƏT-in güclənməsi üçün zəruri olan bütün addımlar atılacaq”.
Deputat əlavə edib ki, Azərbaycan tarixən müxtəlif etnik qrupların və fərqli dinlərin nümayəndələrinin birgə yaşayışına nail olmuş ölkələrdən biridir:
“Azərbaycan azsaylı ölkələrdəndir ki, burada dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün insanlar dostluq və qardaşlıq şəraitində, sülh içində yaşayırlar. Əlbəttə, İƏT-ə üzv dövlətlər Azərbaycanın bu təcrübəsindən faydalana bilərlər”.
Mollazadə sonda qeyd edib ki, Azərbaycan müsəlman ölkələrinin qlobal proseslərdə daha fəal iştirak etməsini, həmrəylik şəraitində inkişaf etməsini və beynəlxalq arenada daha güclü mövqeyə malik olmasını arzulayır.
Nemət Orucov
Reyting.az