“İtaliyanın Baş naziri Ciorcia Meloninin Azərbaycana səfəri çox yüksək səviyyədə baş tutub. Xanım Baş nazir Azərbaycana Ermənistandan gəlib və ölkələrimiz arasında yüksək münasibətlərə vurğu edib. Bu, böyük əhəmiyyətə malikdir. Konkret olaraq detallara gəldikdə, İtaliya Avropa Birliyi ölkələri arasında Azərbaycanla ən yaxşı və dayanıqlı iqtisadi əlaqələr quran ölkədir və bizim tərəfdaşımızdır. Azərbaycan-İtaliya münasibətləri qarşılıqlı maraqlara söykənən, çoxşaxəli iqtisadi əlaqələri özündə ehtiva edir. Bura enerji daşıyıcılarından hərbi sahəyə qədər olan əməkdaşlıq daxildir”.
Bunu “Reytinq” qəzetinə müsahibəsində Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə dünən Azərbaycana səfər edən İtaliya Baş naziri Ciorcia Meloninin səfərinin yekunlarını şərh edərkən deyib.
A. Mollazadə hesab edir ki, Roma və Bakı arasında tam dostluq münasibətləri hökm sürür: “Tərəflər bir-birinin maraqlarını daim nəzərə alır. İtaliya bizim Avropada ən yaxın tərəfdaşlarımızdan biridir, ticarət əlaqələrimiz milyardlarla hesablanır. Xanım Meloninin səfəri bu münasibətlərin yüksək səviyyədə olduğunun bariz nümunəsidir. O özü də əlaqələrimizi yüksək qiymətləndirir”.
Deputatın qənaətinə görə, Baş nazirin bu səfəri iki dost ölkə arasında əlaqələrin daha da genişlənməsinə səbəb olacaq:
“Meloni Azərbaycana bir günlük səfər edib. Səfərin müddəti qısa olsa da, aparılan müzakirələr və əldə edilən razılaşmalar mühümdür. Həm də nəzərə almaq lazımdır ki, xanım Melonidən sonra Azərbaycana Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallasın səfəri gözlənilir”.
Mollazadə qeyd edib ki, iki ölkə arasında iqtisadi münasibətlər demək olar, bütün sahələri əhatə edir. Onun sözlərinə görə, İtaliya Qarabağdakı proseslərdən də kənarda qalmayıb: “İtaliya şirkətləri Qarabağın bərpası prosesində fəal iştirak edir, eyni zamanda Mingəçevirdə müəyyən işlər həyata keçirirlər.
İki ölkə arasında hərbi-texniki sahədə də əməkdaşlıq mövcuddur. Müəyyən işlər görülür. Azərbaycan İtaliyanın hərbi potensialından istifadə edir. Bütün bunlar müsbət hallardır”.
Mollazadə sonda əlavə edib ki, Meloninin bu səfərindən sonra Azərbaycanın strateji tərəfdaşı olan İtaliya ilə münasibətlər daha da genişlənəcək.
Nemət Orucov
Reyting.az