Türkiyənin İstanbul şəhərindəki “İstiqlal Sənət Qalareyası”nda “Arzuhal” adlı rəsmi sərgi təşkil edilib. Yeditəpə Universitetinin Bəyoğlu Bələdiyyəsi ilə birgə keçirdiyi sərgidə Ali Deniz Güngör, Ali Canay, Defne Özgür, İnci Eren, Mehehan Aksu, Kerim Acar, Osman Kaya, Yelda Ergün kimi tanınmış fırça ustalarının əsərləri nümayiş olunub.
Reyting.az xəbər verir ki, qrup sərgisində Azərbaycan Rəssamlar İttifaqının üzvü Ayla İnsanova da öz yeni əsərləri ilə iştirak edib.

İstedadlı rəssam Ayla İnsanova ilk ali təhsilini tibb ixtisası üzrə alsa da, rəssamlıqla da ciddi məşğul olur. O, 2015-2019-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr təhsili alıb, sonra isə Roma Rəssamlıq Universitetində təhsilini davam etdirib. 2017-ci ildən Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul edilən Ayla xanımın fırçasından çıxan əsərlər Romada, Parisdə, İstanbulda, Londonda, Afinada, Tbilisidə dəfələrlə nümayiş olunub və görkəmli sənətşünasların diqqətini çəkə bilib.

İstanbulda açılan “Arzuhal” qrup sərgisində də həmyerlimizin yaratdığı əsərlər maraqla qarşılanıb. Yeditəpə Universitetinin Plastik Sənətlər və Rəsm Bölümünün dekanı Gülveli Kaya, Marmara Universitetinin Gözəl Sənətlər Fakültəsinin Rəsm Bölümünün başkanı Devabil Kara və başqaları Ayla xanımın sənətkarlığını yüksək qiymətləndirib, istedadlı rəssama gələcək yaradıcılıq işlərində uğurlar diləyiblər.

Etibar Cəbrayıloğlu