Advert
Advert

Avropaya miqrasiyada azalma qeydə alınıb

Tarix:
Avropaya miqrasiyada azalma qeydə alınıb
Reklam

Avropada qaçqın və sığınacaq axtaranların sayı on ildən çox davam edən artımdan sonra 2025-ci ildə sabitləşib. Sığınacaq müraciətlərinin sayı ardıcıl ikinci il azalıb.

Reyting.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Hesabatda qeyd olunur ki, Avropa Birliyi və Böyük Britaniyada qaçqın və sığınacaq axtaranların sayı 2025-ci ildə 9,59 milyon nəfər təşkil edib. Bu göstərici bir il əvvəl qeydə alınan 9,58 milyon nəfərlə müqayisədə demək olar ki, dəyişməyib. Bu isə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra müşahidə olunan sürətli artım tendensiyasından kəskin fərqlənir.

Hesabata görə, sığınacaq müraciətlərinin sayı 2023-cü ildəki 1,1 milyon və 2024-cü ildəki 1,01 milyon göstəricidən 2025-ci ildə 770 minə düşüb.

Son illərdə immiqrasiya bir çox Avropa ölkəsində ifrat sağçı və sağçı populist partiyalara dəstəyin artması fonunda ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib.

Nəşr vurğulayır ki, ümumi rəqəmlərin sabit qalması ölkələr arasındakı fərqləri tam əks etdirmir. Avropada ən çox qaçqın qəbul edən ölkə olan Almaniyada qaçqın və sığınacaq axtaranların sayı 4,7 faiz, İtaliyada isə 17,9 faiz azalıb. Bununla yanaşı, Fransa, İspaniya və Böyük Britaniyada artım qeydə alınıb.

Hesabatda bildirilir ki, Almaniyada göstəricilərin azalması əsasən qaçqın axınının zəifləməsi ilə yanaşı, əvvəlki qaçqın qruplarının, xüsusilə suriyalı və iraqlıların naturalizasiya olunması ilə bağlıdır.

Eyni zamanda, 2024-cü ilin sonlarında Əsəd rejiminin süqutundan sonra suriyalılar tərəfindən edilən sığınacaq müraciətlərinin sayı 70 faizdən çox azalıb. Venesuela vətəndaşlarının müraciətlərinin sayı isə 24 faiz artaraq 91 minə çatıb.

Hesabata əsasən, ukraynalılar Avropa Birliyi və Böyük Britaniyada yaşayan bütün qaçqın və sığınacaq axtaranların təxminən yarısını təşkil edir.

Bundan əvvəl Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen müəyyən kateqoriyadan olan ukraynalıların Avropa Birliyinə qəbulunun məhdudlaşdırılması ilə bağlı planları açıqlamışdı. Xüsusilə, iyunun əvvəlində Avropa İttifaqının daxili işlər nazirlərinin görüşündə Almaniya və digər üzv dövlətlər hərbi yaşda olan ukraynalı kişilərin Birliyə qəbulunun çətinləşdirilməsini dəstəkləyiblər.

BMT də ukraynalı qaçqın və məcburi köçkünlərin sayı ilə bağlı məlumat yayıb. Bildirilir ki, 2025-ci ilin sonuna olan vəziyyətə görə, Ukraynadan kənarda 5,9 milyon ukraynalı qaçqın yaşayır. Daha 3,7 milyon nəfər isə məcburi köçkün statusuna malikdir və Ukrayna ərazisində qalır.

V. Quliyev
 

Reklam