2026-cı il üçün tərtib edilmiş infoqrafikda Avropada mənzil sahibliyi və bu sahədə ölkələr arasında mövcud fərqlər geniş şəkildə təqdim olunub.
Reyting.az xəbər verir ki, uzun illər “cənnət” kimi təsəvvür edilən Avropada hər kəsin daimi ev almaq imkanı yoxdur.
Ölkələr üzrə şəxsi mənzilə sahib olanların və ev təsərrüfatlarının payı ciddi şəkildə fərqlənir.
Statistikaya əsasən, Mərkəzi və Şərqi Avropa ölkələrində yaşayan insanlar Qərbi Avropa ilə müqayisədə daha yüksək səviyyədə - təxminən 30 faizdən çox - öz mənzillərinə sahibdirlər. Qeyd olunur ki, bu fərq təkcə gəlir səviyyəsi ilə deyil, həm də tarixi və mədəni amillərlə bağlıdır.
Hazırda reytinq cədvəlinə Rumıniya liderlik edir. Bu ölkədə ev təsərrüfatlarının 93,2 faizi şəxsi mənzillərində yaşayır. Rumınlar uzun müddət kirayədə yaşamaqdan mümkün qədər uzaq durmağa çalışırlar.
Siyahıda Slovakiya 93,1 faiz göstərici ilə ikinci, Xorvatiya isə 91,4 faiz ilə üçüncü yerdə qərarlaşıb.
Ekspertlərin fikrincə, Şərqi Avropada yüksək göstəricilərin əsas səbəblərindən biri 1990-cı illərdə həyata keçirilmiş kütləvi özəlləşdirmə prosesidir. Müqayisə üçün qeyd olunur ki, Qərbi Avropada bu göstərici daha aşağıdır. Fransa Respublikasında ev sahibliyi 61,2 faiz, Böyük Britaniyada isə 61,7 faiz təşkil edir.
Ən aşağı göstərici İsveçrədə qeydə alınıb – 42 faiz. Almaniyada isə daimi ev sahibi olan vətəndaşların payı nisbətən aşağıdır.
Mütəxəssislərin fikrincə, mənzil qiymətləri əsas amillərdən biri olsa da, yeganə səbəb deyil. Qeyd edilir ki, Cənubi Avropada gənclər valideyn evini daha gec tərk edir, bəzi ölkələrdə isə əmək bazarının dinamikliyi böyük şəhərlərə miqrasiyanı artırır. Nəticədə, insanların əksəriyyəti uzun müddət, bəzən isə ömür boyu kirayə mənzillərdə yaşamağa üstünlük verir.
Araşdırmaçılar bildirirlər ki, böyük şəhərlərdə kirayəyə üstünlük verilməsi təkcə mənzil qiymətlərinin yüksək olması ilə deyil, həm də gəlirlərə uyğun şəkildə gündəlik və digər xərclərə qənaət etmək istəyi ilə bağlıdır.
Oqtay Qorçu