Advert
Advert

Avropada şiddətli istilər: 200-dən çox insan həyatını itirib

Tarix:
Avropada şiddətli istilər: 200-dən çox insan həyatını itirib
Reklam

Avropa onlarla insanın ölümünə, elektrik enerjisinin kəsilməsinə, məktəblərin və mədəniyyət müəssisələrinin bağlanmasına səbəb olan güclü isti hava dalğası ilə mübarizə aparır. Meteoroloqlar həddindən artıq istilərin həftəsonuna qədər davam edə biləcəyi barədə xəbərdarlıq ediblər.

Reyting.az xəbər verir ki, Böyük Britaniyada iyun ayı üzrə ən yüksək temperatur qeydə alınıb. Ölkənin cənubunda havanın temperaturu 36,1 dərəcə Selsiyə çatıb. Parisdə isə termometrlər 40,9 dərəcə Selsi göstərib ki, bu da iyun ayı üçün rekord göstəricidir.

Bu istilər Fransada son 80 ildə müşahidə olunan ən güclü isti hava dalğalarından biri hesab olunur. Ölkənin cənub-qərbində yerləşən Pissos şəhərində temperatur 44,3 dərəcə Selsiyə yüksəlib. Fransa hakimiyyəti ümumilikdə 50 nəfərin həyatını itirdiyini açıqlayıb. Məlumata görə, 48 nəfər boğularaq ölüb, iki uşaq isə isti hava səbəbindən nəqliyyat vasitəsində həyatını itirib.

İtaliyanın Səhiyyə Nazirliyi Florensiya, Milan, Roma, Turin və Verona da daxil olmaqla 16 şəhər üçün ən yüksək səviyyəli istilik xəbərdarlığı elan edib. Nazirliyin açıqlamasında bildirilib ki, isti hava dalğası bazar günü və bazar ertəsi pik həddə çataraq daha da güclənə bilər.

İspaniyada isə 40 dərəcə Selsidən yuxarı temperaturun müşahidə olunduğu günlərdən sonra iki nəfərin istidən öldüyü bildirilib. Ölkədə 21-24 iyun tarixləri arasında istidən həyatını itirənlərin sayı 212-yə yüksəlib. Şənbə günü 13, bazar günü 38, bazar ertəsi 66, çərşənbə axşamı isə 95 ölüm hadisəsi qeydə alınıb. Havanın temperaturunun 43,7 dərəcə Selsiyə çatdığı şimal bölgəsində yeni temperatur rekordu qeydə alınıb.

Milli Meteorologiya Agentliyi (AEMET) bildirib ki, iyunun son günlərində müşahidə olunan həddindən artıq istilər bu gündən etibarən tədricən zəifləməyə başlayıb.

V. Quliyev
 

Reklam