Advert
Advert

Avropa aviasiyası yanacaq çatışmazlığı ilə üzləşir

Tarix:
Avropa aviasiyası yanacaq çatışmazlığı ilə üzləşir
Reklam

Hörmüz boğazı ətrafında yaranmış gərginlik yay mövsümünün əvvəlində səyahətləri təhdid etdiyi üçün Avropa aviasiyası yanacaq çatışmazlığı ilə üz-üzə qalıb. Buna səbəb ABŞ və İsrailin İrana qarşı apardığı müharibədir.

Reyting.az xəbər verir ki, müharibə səbəbindən hava məkanları bağlandıqdan və aviasiya sənayesi ciddi çətinliklərlə üzləşdikdən yeddi həftə sonra Yaxın Şərqdən keçən aviaşirkətlər yüzlərlə uçuşu ləğv etməyə və marşrutlarını dəyişməyə məcbur qalıb. Hazırda isə uçuşlar tədricən normallaşmağa başlayır.

Lakin indi daha ciddi və potensial baxımdan daha təhlükəli yeni problem ortaya çıxıb - yay səyahət mövsümü yaxınlaşdıqca Avropada uçuşların dayanmasına səbəb ola biləcək reaktiv yanacaq çatışmazlığı.

Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol cümə axşamı AP agentliyinə bildirib ki, Avropada “təxminən altı həftəlik təyyarə yanacağı ehtiyatı qalıb”. Onun sözlərinə görə, İranla ABŞ arasında elan olunmuş iki həftəlik atəşkəsə baxmayaraq, neft tədarükü dayandırılarsa, uçuşlar tezliklə ləğv edilə bilər.

Problemin əsas səbəbi ABŞ və İran arasında Hörmüz boğazında davam edən qarşıdurma fonunda yaranan təchizat çətinlikləridir. Bu boğaz sülh dövründə dünya üzrə neft və mayeləşdirilmiş təbii qazın (LNG) təxminən beşdə birinin daşındığı strateji əhəmiyyətli su yoludur.

Təchizatın azalması qlobal enerji qiymətlərinin kəskin artmasına səbəb olub. Brent markalı xam neftin qiyməti müharibədən əvvəlki 66 dollardan 100 dollara qədər yüksəlib. Böhran hökumətləri strateji neft və qaz ehtiyatlarından istifadəyə vadar edib. Eyni zamanda, Böyük Britaniya boğazın yenidən açılması yollarını tapmaq üçün ABŞ da daxil olmaqla 40-dan çox ölkənin iştirak etdiyi koalisiya ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Avropa aviasiyası xüsusilə reaktiv yanacaq çatışmazlığından əziyyət çəkir. Bunun əsas səbəbi həmin yanacağın böyük hissəsinin Yaxın Şərqdən idxal olunmasıdır. Ümumilikdə, Avropanın reaktiv yanacaq idxalının təxminən 75 faizi bu regionun payına düşür ki, bu da uzunmüddətli fasilələr zamanı ciddi problemlər yaradır.

Yay mövsümü Avropa üçün turizm baxımından ən intensiv dövrdür. Məlumata görə, 2024-cü ildə regiona təxminən 747 milyon beynəlxalq turist səfər edib.

Avropadakı aviasiya assosiasiyaları məhdud yanacaq təchizatı ilə bağlı artıq həyəcan təbili çalırlar. Xatırladaq ki, ötən həftə Beynəlxalq Hava Limanları Şurası (ACI) Avropa Komissiyasına ünvanladığı məktubda yanacaq böhranının “Avropa iqtisadiyyatına ciddi zərər vuracağı” barədə xəbərdarlıq edib.

Artıq Avropanın yanacaq anbarlarında ehtiyatların azalması müşahidə olunur. ABŞ və digər mənbələrdən alternativ təchizat isə Yaxın Şərqdən itirilmiş həcmləri tam şəkildə kompensasiya etməkdə çətinlik çəkir.

Bundan əlavə, Avropada reaktiv yanacağın qiyməti martın 18-də rekord həddə - ton üçün 1800 dollara yüksəlib, aprel ayında isə nisbətən azalıb.

Bir sıra hava limanları xəbərdarlıq edib ki, əgər Hörmüz boğazından yanacaq tədarükü bərpa olunmazsa, üç həftə ərzində ciddi çatışmazlıq yarana bilər.

Fatih Birol da bildirib ki, boğazda nəqliyyatın hərəkəti tam dayandırılarsa, bəzi neft məhsullarının tədarükü ümumiyyətlə kəsilə bilər.

V. Quliyev
 

Reklam