Mümkün fəlakət barədə səs-küylü bəyanatlardan sonra ABŞ və İran arasında atəşkəslə nəticələnən mürəkkəb diplomatik proses başlayıb. Mənbələrin bildirdiyinə görə, İranın ali lideri Müctəba Xamnəi bu prosesdə əsas rol oynayıb və müharibə başlayandan sonra ilk dəfə razılaşmaya doğru irəliləyiş siqnalı verib.
Reyting.az-ın məlumatına görə, bu barədə “Axios” nəşri öz mənbələrinə istinadən yazıb.
Qeyd olunur ki, prezident Donald Tramp İrana vaxt verməzdən əvvəl ABŞ və İsrail növbəti böyük hərbi eskalasiyaya hazırlaşırdı: “Qoşunlar hazır vəziyyətə gətirilir, müttəfiqlər isə İrandan sərt cavab gözləyirdilər. Bu vaxt ölkə daxilində mülki şəxslər evlərini tərk etməyə başlayırdılar. Trampın İran “sivilizasiyasını məhv etmək” barədə açıq təhdidlərinə baxmayaraq, pərdəarxası diplomatik fəallıq güclənirdi. Danışıqlar gərgin və xaotik şəraitdə aparılırdı: Amerikanın təklifləri kəskin tənqid edilir, sənədlər bir neçə dəfə yenidən işlənir, vasitəçilər isə tərəflərin mövqelərini uzlaşdırmağa çalışırdılar”, - nəşr qeyd edir.
Pakistan, eləcə də Misir və Türkiyədən olan diplomatlar bu prosesdə mühüm rol oynayıblar. İranın xarici işlər naziri Abbas Əraqçi danışıqlara rəhbərlik etməklə yanaşı, ölkəsinin hərbi rəhbərliyini kompromisə razı salmağa nail olub.
İsrailin sui-qəsd təhdidi səbəbindən Xamnəi son dərəcə ehtiyatlı davranıb. Mənbələrə görə, o, kuryerlər vasitəsilə əlaqə saxlayaraq qeydlər ötürüb. Onun razılığı danışıqlarda dönüş nöqtəsi olub; əks halda atəşkəs mümkün olmazdı.
Bazar ertəsi axşamına qədər tərəflər iki həftəlik atəşkəs üzrə yenilənmiş təklif üzərində razılığa gəlsələr də, son qərarı Xamnəi verib.
Regional mənbə nəşrə bildirib ki, ali rəhbər atəşkəsə “yaşıl işıq” verməsəydi, razılaşma baş tutmazdı.
Bu arada ABŞ-ın vitse-prezidenti Vens danışıqları kənardan koordinasiya edib. İsrailin baş naziri Benyamin Netanyahu isə Trampla fəal əlaqə saxlayıb, çünki prosesə təsir imkanlarını itirməkdən ehtiyat edirmiş.
Nəticə qısa müddətdə özünü göstərib: müttəfiqlərlə bir sıra məsləhətləşmələrdən və daxili müzakirələrdən sonra Tramp atəşkəsə razılıq verib. Onun açıqlamasından cəmi 15 dəqiqə sonra Amerika qoşunlarına geri çəkilmək əmri verilib.
İran razılaşmaya əməl etməyə və qlobal enerji bazarlarının sabitliyi baxımından mühüm əhəmiyyət daşıyan Hörmüz boğazını gəmiçilik üçün açmağa hazır olduğunu təsdiqləyib.
“Lakin çətin danışıqlar hələ irəlidədir. ABŞ, tərəflər arasında fikir ayrılığı qaldığı müddətdə İranın nüvə proqramı və ballistik raketlərdən imtina etməsində israr edir. Yaxın günlərdə Pakistanda danışıqların yeni mərhələsi keçiriləcək və Vens ABŞ nümayəndə heyətinə rəhbərlik edə bilər”, - nəşr yekunlaşdırıb.
Xatırladaq ki, 8 aprel gecəsi ABŞ prezidenti Donald Tramp Pakistanın İrana hücumların iki həftə müddətinə dayandırılması təklifini qəbul etdiyini açıqlayıb.
İranın Ali Milli Təhlükəsizlik Şurası isə bəyan edib ki, ABŞ “İran xalqına qarşı ədalətsiz, qanunsuz və cinayətkar müharibədə danılmaz, tarixi və sarsıdıcı məğlubiyyətə uğrayıb”.
Bəyanatda qeyd olunur ki, ABŞ İranın 10 maddəlik təklifini qəbul etmək məcburiyyətində qalıb.
İran həmçinin iki həftəlik atəşkəs dövründə Hörmüz boğazını açmağa razılaşıb, lakin bunun üçün müəyyən şərtlər irəli sürülüb. Boğaz yalnız İrana qarşı hücumlar dayandırıldığı təqdirdə açıq qalacaq.
Benyamin Netanyahu bildirib ki, İsrail Donald Trampın İrana qarşı hücumları iki həftə müddətinə dayandırmaq qərarını dəstəkləyir, lakin atəşkəs Livana şamil olunmur.
E. Kamal