Advert
Advert

Atəşkəs dövründə İsrail ordusu Livanın cənubunda qalacaq

Tarix:
Atəşkəs dövründə İsrail ordusu Livanın cənubunda qalacaq
Reklam

İsrail Müdafiə Qüvvələri aprelin 17-si saat 00:00-da atəşkəs rejiminin qüvvəyə minməsindən sonra Livanın cənubundakı mövqelərində qalacaq.

Reyting.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik kabinetinin təcili telefon iclasında bildirib.

“Ynet” portalının məlumatına görə, bir neçə kabinet üzvünün bununla bağlı tələbinə baxmayaraq, nazirlər arasında səsvermə keçirilməyib. Netanyahu rəsmi olaraq ABŞ Prezidenti Donald Trampın tələbi ilə atəşkəsin “gecəyarısı başlayacağını” açıqlayıb.

Portal Netanyahunun sözlərinə istinadən bildirir ki, İsrail Müdafiə Qüvvələri (İDF) Livanın cənubundakı mövqelərində qalacaq.

İsrail rəsmisi daha sonra portala təsdiqləyib ki, İDF “Livanın dərinliklərində mövqelərini qoruyacaq” və “yaranan təhdidlərə qarşı dərhal hərəkətə keçəcək”. O əlavə edib ki, “əgər Livan hökuməti növbəti 10 gün ərzində şiə hərəkatı “Hizbullah”ı zərərsizləşdirmək üçün əməli addımlar atmasa, İsrail atəşkəs müddəti bitdikdən dərhal sonra bunu güc yolu ilə edəcək”.

Bildirilir ki, Netanyahu təhlükəsizlik kabinetinin təcili iclasını çağırıb və nazirlərə cəmi beş dəqiqə əvvəl xəbər verilib. Baş nazirin təhlükəsizlik kabineti ilə telefon danışığı texniki nasazlıq səbəbindən yarımçıq qalsa da, qısa müddət sonra bərpa olunub. Nazirlər ABŞ Prezidentinin açıqlamasından atəşkəs barədə xəbər tutduqda narazılıqlarını ifadə ediblər.

Netanyahu nazirlərə Livanda atəşkəs barədə razılığa gəlindiyini bildirib. Portalın məlumatına görə, nazirlər qərarın onların təsdiqindən əvvəl verildiyini əsas gətirərək çaşqınlıqlarını ifadə ediblər. Baş nazir qeyd edib ki, “Tramp İsraillə sıx koordinasiyada fəaliyyət göstərir və İsrail də onunla əməkdaşlıq edir”.

V. Quliyev
 

Reklam