Advert
Advert

“At gücü” sənədli filmi təqdim olunub

Tarix:
“At gücü” sənədli filmi təqdim olunub
Reklam

Aprelin 16-da Nizami Kino Mərkəzində “At gücü” (“Horse Power”) sənədli filminin təqdimatı keçirilib.

Reyting.az AZƏRTAC-a istinadla xəbər verir ki, təqdimat mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Əvvəlcə qonaqlar tədbir çərçivəsində Azərbaycan Rəssamlıq Akademiyasının tələbələrinin “At gücü” mövzusunda hazırladıqları rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Daha sonra film nümayiş etdirilib.

Film dünyanın ən seçilən atlarının hekayəsindən, onların qeyri-adi gücündən və insanla unikal bağlılığından bəhs edir. Layihə vəhşi təbiət haqqında məzmun yaradan və filmləri 70-dən çox ölkədə yayımlanan məşhur “Plimsoll Productions” və “Eos Films” istehsal şirkətlərinin birgə məhsuludur.

Filmin çəkilişləri ABŞ, Azərbaycan, Böyük Britaniya, Çin, Qətər və Niderlandda aparılıb. Azərbaycandakı çəkilişlər Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) dəstəyi ilə həyata keçirilib. Filmdə təqdim olunan məşhur at cinsləri arasında Azərbaycanın milli irsi olan Qarabağ atları da öz layiqli yerini tutub.

Reklam