Türkiyənin paytaxtı Ankarada 36-cı NATO Liderlər Sammiti öz işinə başlayıb.
Reyting.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sammit Müdafiə Sənayesi Forumu ilə açılıb. Forumun açılışında NATO-nun baş katibi Mark Rutte çıxış edib.
Daha sonra Türkiyənin vitse-prezidenti Cevdət Yılmaz və milli müdafiə naziri Yaşar Gülər iştirakçılara müraciət ediblər.
Açılış mərasimindən sonra Mark Rutte müttəfiq ölkələrin nümayəndələrini səhnəyə dəvət edib, sammit iştirakçıları ilə xatirə fotosu çəkdirilib.
Mərasim çərçivəsində NATO-nun hərbi imkanlarını və alyansın müdafiə potensialını əks etdirən videoçarxlar da nümayiş olunub.
Sammitin ilk gününün proqramına NATO üzvü ölkələrin xarici işlər və müdafiə nazirlərinin görüşləri, həmçinin liderlərin şərəfinə təşkil olunacaq rəsmi şam yeməyi daxildir. İkinci gün isə Şimali Atlantika Şurasının dövlət və hökumət başçıları səviyyəsində iclası keçiriləcək.
Sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Tramp başda olmaqla bir sıra dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirməsi gözlənilir.
Məlumatlara görə, Ərdoğan-Tramp görüşündə Türkiyənin F-35 proqramına mümkün qayıdışı, KAAN milli döyüş təyyarəsi layihəsi üçün F110 mühərriklərinin satışı, eləcə də Suriya və Qəzza zolağındakı son vəziyyət əsas müzakirə mövzuları olacaq.
Qeyd edək ki, sammit çərçivəsində müdafiə sənayesi sahəsində milyardlarla dollar dəyərində silah tədarükü müqavilələrinin elan ediləcəyi gözlənilir.
Y. Qacar