Advert
Advert

Amerika nüvə sualtı qayığının heyəti kütləvi zəhərlənib

Tarix:
Amerika nüvə sualtı qayığının heyəti kütləvi zəhərlənib
Reklam

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Ohio" sinifli USS Nebraska nüvə sualtı qayığında dizel generatorundan yayılan işlənmiş qazlar nəticəsində azı 64 hərbçi zəhərlənib.

Reyting.az xəbər verir ki, bu barədə “Navy Times” nəşri məlumat yayıb.

Məlumata görə, hadisə iyunun 22-də Vaşinqton ştatında yerləşən Sakit Okean Donanmasının Kitsap-Banqor Dəniz Bazasında baş verib. Hadisə heyətin ehtiyat dizel generatorunu işə saldığı zaman qeydə alınıb.

Bildirilir ki, zəhərlənmə zamanı hərbçilər generatorun yaxınlığında olublar. Onlarda öskürək, baş ağrısı, başgicəllənmə, ürəkbulanma və ümumi halsızlıq kimi əlamətlər müşahidə edilib. Altı dənizçi əlavə tibbi müayinə üçün xəstəxanaya aparılıb, lakin sonradan onların hamısı evə buraxılıb.

ABŞ Hərbi Dəniz Qüvvələri hadisənin dəqiq səbəbinin araşdırıldığını bildirib. Qurumun açıqlamasında qeyd olunub ki, nüvə reaktoru insidentdən təsirlənməyib və normal rejimdə fəaliyyətini davam etdirib. Həmçinin vurğulanıb ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi və oxşar halların qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.

V. Quliyev
 

Reklam