İsrail, İranın boğazları dərhal açması və ABŞ, İsrail və region ölkələrinə qarşı bütün hücumları dayandırması şərti ilə prezident Donald Trampın İrana qarşı hücumları iki həftə müddətinə dayandırmaq qərarını dəstəkləyir.
Reyting.az xəbər verir ki, bunu İsrail Baş nazirinin ofisindən bildiriblər.
Baş nazirin ofisinin “X” hesabında yayımlanan açıqlamada qeyd olunur ki, İran ilə ABŞ və onların müttəfiqləri atəşkəsə razılaşıblar.
Pakistanın Baş naziri Şahbaz Şərif də atəşkəs razılaşmasını təsdiqləyib.
Ş. Şərif "X" sosial şəbəkə hesabında yazıb: “Böyük təvazökarlıqla elan etməkdən məmnunluq duyuram ki, İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları, öz müttəfiqləri ilə birlikdə, Livan və digər ərazilər də daxil olmaqla, hər yerdə atəşkəs barədə razılığa gəliblər".
Onun sözlərinə görə, atəşkəs razılaşması dərhal qüvvəyə minməlidir:
"Bu müdrik jesti hərarətlə alqışlayır, hər iki ölkənin rəhbərliyinə ən dərin minnətdarlığımı bildirir və bütün mübahisələri həll edəcək yekun razılaşma üzrə əlavə danışıqlar aparmaq məqsədilə onların nümayəndə heyətlərini 10 aprel 2026-cı il, cümə günü İslamabada dəvət edirəm".
Ş. Şərif əlavə edib ki, "İslamabad danışıqları" davamlı sülhə nail olmaqda uğur qazanacaq.
E. Kamal