ABŞ ordusu çərşənbə axşamı günü ona məxsus helikopterin vurulmasına cavab olaraq İranın bir sıra hərbi obyektlərinə zərbələr endirib.
Reyting.az xəbər verir ki, hücum ABŞ Prezidenti Donald Trampın Tehranı Hörmüz boğazı üzərində Amerika helikopterini vurmaqda ittiham etməsindən sonra başlayıb.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında əməliyyatın İranın əsassız təcavüzünə mütənasib cavab olduğu bildirilib.
“Axios” nəşrinin məlumatına görə, Amerika qüvvələri İranın bir neçə hava hücumundan müdafiə sistemi və radar qurğusunu hədəfə alıb.
Donald Tramp bildirib ki, İran bir gün əvvəl Hörmüz boğazı üzərində patrul xidməti həyata keçirən Amerika Apaçi hücum helikopterini vurub.
“Yüksək texnologiyalı Apaçi helikopterlərimizdən biri Hörmüz boğazında patrul xidməti zamanı vurulub. Pilotların hər ikisi sağdır. Lakin ABŞ bu hücuma cavab verməlidir”, - ABŞ Prezidenti sosial şəbəkədəki “Truth Social” hesabında yazıb.
Tramp “ABC News” telekanalına müsahibəsində cavab zərbələrinin “çox güclü” olacağını da vurğulayıb.
“Biz artıq cavab veririk. Bu, onların dünən gecə helikopterimizə qarşı həyata keçirdikləri hücuma cavabdır və hesab edirəm ki, reaksiyamız kifayət qədər sərt olmalıdır”, - deyə o bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi isə “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada Vaşinqtonun ölkəsinin qətiyyətini sınağa çəkməyə çalışdığını qeyd edib. Nazir vurğulayıb ki, İranın silahlı qüvvələri heç bir hücumu və ya təhdidi cavabsız qoymayacaq.
“Tasnim” Xəbər Agentliyinin yaydığı məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bölgədəki ABŞ hədəflərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
ABŞ-ın son hücumlarından sonra İran ordusu da bölgədə yerləşən Amerika hərbi bazalarını hədəfə alıb. İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı bəyan edib ki, təcavüz təkrarlanacağı təqdirdə cavab tədbirləri daha genişmiqyaslı olacaq.
Açıqlamada bildirilir ki, ABŞ “helikopterin vurulması” ilə bağlı iddiaları bəhanə gətirərək İran ərazisinə hava zərbələri endirib. Buna cavab olaraq İran ordusu və İİKK qüvvələri bölgədəki bir neçə Amerika bazasına hücum həyata keçirib.
E. Kamal