Advert
Advert

ABŞ və İran arasında 14 maddəlik memorandumun mətni yayımlanıb

Tarix:
ABŞ və İran arasında 14 maddəlik memorandumun mətni yayımlanıb
Reklam

CNN ABŞ və İran arasında hələ rəsmi olaraq dərc edilməmiş 14 maddəlik anlaşma memorandumunun mətnini yayımlayıb.

Reyting.az xəbər verir ki, sənəd telekanalın rəsmi internet səhifəsində yerləşdirilib. 

Məlumata görə, onun məzmunu bu həftə Fransada keçirilən G7 sammiti zamanı layihə ilə tanış olan bir diplomat, eləcə də danışıqlarda iştirak edən iki digər diplomatik mənbə tərəfindən təsdiqlənib.

Mətnə əsasən, ABŞ İrana neft və neft-kimya məhsullarını ixrac etməyə icazə verəcək. Eyni zamanda, Tehran gələcək danışıqlar çərçivəsində nüvə proqramı üzrə öhdəliklərini yerinə yetirmək şərti ilə 300 milyard dollarlıq inkişaf fonduna çıxış əldə edə biləcək.

Sənəddə İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının gələcək taleyi ilə bağlı konkret müddəalar yer almır.

ABŞ-ın yüksək vəzifəli rəsmilərindən biri bildirib:

“Bu razılaşma, əslində, Hörmüz boğazının dərhal açılmasına imkan verir, İranı nüvə tullantılarını məhv etməyə məcbur edir və gələcəkdə Tehran davranışını dəyişərsə, iqtisadi sanksiyaların yumşaldılması imkanını yaradır. Bu isə ölkənin iqtisadi inkişafına töhfə verə bilər”.

Memorandumun imzalanmasından sonra İran 30 gün ərzində Fars körfəzi ilə Oman dənizi arasında ticarət gəmilərinin təhlükəsiz və fasiləsiz hərəkətinin bərpası üçün tədbirlər görməyi öhdəsinə götürür.

ABŞ rəsmisi CNN-ə açıqlamasında bildirib ki, yayımlanan mətn Prezident Donald Tramp, vitse-prezident J.D. Vens və İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf tərəfindən elektron şəkildə imzalanmış razılaşmaya uyğundur.

Bununla belə, ABŞ və İranda danışıqların qapalı keçirilməsi səbəbindən dərc olunan layihənin sənədin son versiyasına tam uyğun olub-olmadığı məlum deyil. Sənədin cümə günü İsveçrədə şəxsən imzalanması planlaşdırılır. Bundan əlavə, texniki detallar hələ də dəqiqləşdirildiyindən mətnə müəyyən dəyişikliklər edilə bilər.

CNN-ə danışan ABŞ rəsmiləri memorandumun daha çox siyasi xarakter daşıdığını və bütün qeyri-rəsmi razılaşmaları, xüsusilə də İranın nüvə proqramının gələcəyi ilə bağlı əldə olunmuş razılaşmaları tam əks etdirmədiyini vurğulayıblar.

Eyni zamanda, İranın yarı-rəsmi “Tasnim!” xəbər agentliyi mediada yayımlanan memorandum mətnlərinin qeyri-dəqiq olduğunu bildirib.

Memorandumun rəsmi imzalanmasının 19 iyun tarixində baş tutacağı gözlənilir. Bundan sonra tərəflər arasında yekun şərtlərlə bağlı 60 günlük danışıqlar prosesinin başlanacağı bildirilir.

Xatırladaq ki, iyunun 16-da ABŞ Prezidenti Donald Tramp İranla imzalanmış memorandumun təfərrüatlarını yaxın günlərdə açıqlaya biləcəyini demişdi. Bir gün əvvəl isə o, sənədin imzalandığını təsdiqləmiş və Hörmüz boğazının gəmiçilik üçün qismən açıldığını elan etmişdi.

Y. Qacar
 

Reklam