ABŞ Dövlət Departamenti Ukraynaya 108,1 milyon dollar dəyərində “HAWK” raket sistemləri üçün texniki xidmət avadanlıqları və əlaqəli vasitələrin satışını təsdiqləyib.
Reyting.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilib.
“Bu satış Avropada siyasi və iqtisadi sabitliyin təmin olunmasında mühüm rol oynayan tərəfdaş ölkənin təhlükəsizliyini gücləndirməklə ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə xidmət edəcək”, - deyə Dövlət Departamenti qərarı şərh edib.
Qeyd olunub ki, satış Ukraynanın mövcud və gələcək təhdidlərə qarşı mübarizə imkanlarını artıracaq, ölkənin özünümüdafiə missiyalarını daha effektiv həyata keçirməsinə və inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemini gücləndirməsinə şərait yaradacaq.
Xatırladaq ki, “MIM-23 Hawk” ABŞ istehsalı olan orta mənzilli hava hücumundan müdafiə raket sistemidir və əsasən təyyarələrin məhv edilməsi üçün nəzərdə tutulub.
Sistem 1960-cı ildə ABŞ Silahlı Qüvvələrinin arsenalına daxil edilib. Həmin vaxtdan etibarən kompleks bir neçə dəfə modernləşdirilib və bunun sayəsində döyüş qabiliyyətini qoruyub saxlayıb.
Qeyd edək ki, ötən yay ABŞ Dövlət Departamenti Ukraynaya ümumi dəyəri 322 milyon dollar olan iki silah və avadanlıq paketinin satışını da təsdiqləmişdi. Həmin paketlərə təxminən 172 milyon dollar dəyərində “HAWK” Phase III raket sistemləri, dəstək vasitələri və əlaqəli avadanlıqlar daxil idi.
E. Kamal