ABŞ kəşfiyyat icması Ağ Evin tapşırığı ilə İranla müharibənin başa çatdırılması üçün mümkün birtərəfli bəyanatın nəticələrini qiymətləndirir.
Reyting.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə ABŞ-ın iki rəsmisinə və məsələ ilə tanış olan digər bir şəxsə istinadla məlumat yayıb.
Bildirilir ki, ABŞ kəşfiyyat xidmətləri Trampın birtərəfli qələbə elan edəcəyi halda İranın reaksiyasını araşdırır.
Nəşr yazır: “Məqsəd Trampın bəzi ABŞ rəsmiləri və müşavirlərinin bu ilin sonlarında keçiriləcək aralıq seçkilərdə respublikaçıların ciddi itkilərlə üzləşə biləcəyindən narahat olduğu münaqişədən geri çəkilməsinin mümkün nəticələrini anlamaqdır”.
Qeyd edək ki, ABŞ-da aralıq seçkilər noyabr ayında keçiriləcək və bir çox müşahidəçi hazırda hakim Respublikaçılar Partiyasının məğlubiyyətini proqnozlaşdırır. Bu isə əsasən İrana qarşı populyar olmayan əməliyyatlar və nəticədə ABŞ-da yanacaq qiymətlərinin artması ilə əlaqələndirilir.
Məlumata görə, Vaşinqton hələ yekun qərar qəbul etməyib və Tramp İrana qarşı hərbi kampaniyanı gücləndirə bilər. “Lakin tez bir deeskalasiya Prezidentə siyasi təzyiqi azaldar, hətta bu, İranın mövqeyini gücləndirsə və Tehranın sonradan nüvə və raket proqramlarını bərpa etməsinə, zərurət yaranarsa isə ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərini təhdid etməsinə şərait yaratsa belə”, – deyə “Reuters” qeyd edib.
Agentlik həmçinin son günlərdə Ağ Evdə İran məsələsi ilə bağlı müzakirələrdən xəbərdar olan, adı açıqlanmayan üç mənbəyə istinadla bildirib ki, Tramp İranla müharibənin onun və partiyasının ödədiyi siyasi qiymətin fərqindədir.
Məqalədə qeyd olunur ki, Ağ Ev rəsmilərindən biri Prezidentə müharibəni başa çatdırmaq üçün daxili təzyiqin artdığını çatdırıb.
Məlumatda vurğulanır ki, ABŞ hökuməti İranla bağlı müxtəlif hərbi variantları, o cümlədən siyasi rəhbərliyə və hərbi komandanlığa zərbələrin bərpasını nəzərdən keçirir. Lakin, məsələn, İrana qurudan hücumu nəzərdə tutan ən iddialı ssenarinin həyata keçirilməsi bir neçə həftə əvvəl ilə müqayisədə daha az ehtimal olunur.
Bundan əlavə, agentlik qeyd edir ki, İran atəşkəs dövründə müharibənin ilk həftələrində ABŞ və İsrail tərəfindən bombalanmış hərbi obyektlərin dağıntılarından xeyli miqdarda silah, o cümlədən dronlar və raket buraxılış qurğularını çıxara bilib. Hesabata görə, ABŞ və İsrail üçün tammiqyaslı hərbi əməliyyatların bərpasının dəyəri 8 apreldə başlayan atəşkəsin ilk günləri ilə müqayisədə “mübahisəli dərəcədə yüksək” olacaq.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) isə İranla bağlı konkret suallara cavab verməkdən imtina edib.
V. Quliyev