ABŞ İranın gələcək hərəkətləri nəticəsində zərər görə biləcək obyektlərin və infrastrukturun bərpasında Körfəz müttəfiqlərinə kömək etmək üçün İranın dondurulmuş aktivlərini onlara təqdim etməyi nəzərdən keçirir.
Reyting.az xəbər verir ki, bu barədə “Reuters” məsələ ilə tanış olan mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, Vaşinqton həmin vəsaitlərdən regiondakı müttəfiq dövlətlərə keçmişdə dəymiş ziyanın kompensasiyası üçün də istifadə etməyi düşünür.
Mənbə bildirib ki, ABŞ-ın maliyyə naziri Skott Bessent İranın Körfəz ölkələrinə vurduğu ziyanı qiymətləndirmək məqsədilə ekspert qrupu təyin edib. Bu qiymətləndirmənin nəticələrinə əsasən, bərpa işləri və kompensasiyalar üçün tələb olunan vəsaitin həcmi müəyyən edilə bilər.
Hansı İran aktivlərinin bu prosesə cəlb olunacağı və ya hansı ölkələrin yardım almaq hüququ qazanacağı hələ dəqiqləşdirilməyib.
Dondurulmuş İran aktivlərinin köçürülməsi və ya istifadəsi üçün mümkün mexanizmin necə tətbiq ediləcəyi də hələ məlum deyil.
Y. Qacar