Atəşkəs razılaşmasından sonra Pakistanın vasitəçiliyilə İslamabadda keçirilən ABŞ-İran danışıqları göstərir ki, müharibənin nə mütləq qalibi, nə də tam məğlub olan tərəf var. Yəni İsrail ilə ABŞ İran üzərində istədikləri strateji üstünlüyə nail ola bilməyiblər.
Professor Cümşüd Nuriyev isə “Reytinq” qəzetinə açıqlamsında deyib ki, ABŞ müharibənin davam etməsində maraqlı tərəf kimi görünmür və dünya ABŞ lideri Donald Trampdan savaşla bağlı hər gün qeyri-adi bir söz eşidir.
Nuriyevin qənaətincə, ABŞ bu müharibədə siyasi baxımdan uduzub, elə buna görə də, Tramp gündə bir ziddiyyətli açıqlama verir.
Nuriyev bu müharibədə qalib tərəfin olmadığını bildirir: “İran bu müharibədə hücuma məruz qalıb, özünü müdafiə edib və s. İran müharibədə 4 min itki versəydi, bu onun əhalisinin 0,1 faizi olardı. Ancaq açıqlanan rəqəmlərə diqqət etdikdə görürük ki, bu qədər itki yoxdur. Odur ki, burada müharibə edən tərəflər yuxarı-aşağı eyni vəziyyətdədir”.
Professor qeyd edib ki, bu müharibə kontekstində Tramp Amerikası Macarıstandakı seçkiləri uduzub, belə davam edərsə, noyabrda keçiriləcək ara seçkiləri də uduzacaq. Çünki müharibə ABŞ-ın daxili mühitinə müəyyən təsirlər göstərir.
“ABŞ-İran müharibəsi bir növ şahmat oyununda pat vəziyyətidir. Nə qalib var, nə də məğlub”,- deyən Nuriyev əlavə edib ki, İran Hörmüz boğazını bağladığını elan etsə də, özü neftini Çinə satır.
Professorun fikrincə, İran məsələsi yuxarı-aşağı Rusiyanı da müəyyən qədər gücləndirir: “Müharibədə tərəflərdən biri tam qələbə əldə etməyəndə çətin və anlaşılmaz vəziyyət yaranır. Tərəflər bir-birini ya hədələyir, ya da danışıqlar üçün tərifləyir. Hazırda belə bir vəziyyəti müşahidə edirik”.
ABŞ-İran müharibəsinin qlobal proseslərə ciddi təsir göstərəcəyini və dünya gücləri arasında münasibətləri yenidən müəyyənləşdirəcəyini qeyd edən Nuriyevin iddiasına görə, Amerika siyasətinin mahiyyətində Rusiya və Çinə yaxın olan ölkələri sıxışdırmaq, bir növ qlobal liderliyə can atan güclərin əl-qolunu “kəsmək” durur: “Venesuela və Kubadakı proseslər də bu məqsədə xidmət edirdi. Fikrimcə, ABŞ-ın bu siyasəti də uğursuz oldu”.
İranın BMT-də məsələ qaldırıb, bombalanması və hücuma məruz qalması nəticəsində dəyən zərərə görə 249 milyard dollar təzminat tələb etdiyini xatırladan Nuriyev sonda əlavə edib ki, hazırda prosesin əsas nöqtəsi İrandır və bu məsələ uzun çəkə bilər.
Nemət Orucov
Reyting.az