Advert
Advert

ABŞ dünyanı daha güclü nüvə silahı ilə hədələyir

Tarix:
ABŞ dünyanı daha güclü nüvə silahı ilə hədələyir
Reklam

ABŞ nüvə çəkindirmə imkanlarını genişləndirməyi planlaşdırır.

Reyting.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pete Hegset Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsindəki çıxışında bildirib.

O, bütün Qərb yarımkürəsini xəbərdar edərək, ABŞ-ın zəruri hesab etdiyi təqdirdə hərbi güc tətbiqinə hazır olduğunu vurğulayıb.

Qeyd olunub ki, ABŞ əlavə nüvə çəkindirmə imkanlarını inkişaf etdirmək niyyətindədir: “Biz ölkəmizin nüvə triadasını modernləşdirəcəyik. Çəkindirmə və eskalasiyanın idarə olunmasını dəstəkləmək üçün əlavə variantlar hazırlayacağıq”.

Bildirilib ki, Pentaqon “hətta iki böyük nüvə silahlı güclə qarşılaşdığımız bir dünyada belə, bu ölkənin nüvə şantajına qarşı həssas qalmasına heç vaxt icazə verməyəcək”.

Həmçinin qeyd olunub ki, ABŞ, onun maraqlarını qorumaq zərurəti yaranarsa, Qərb yarımkürəsində hərbi əməliyyatlar aparmağa hazırdır: “Müdafiə Nazirliyi ABŞ maraqlarını təmin edən məqsədyönlü və qətiyyətli addımlar atmağa hazırdır”.

Nazir deyib ki, illərdir davam edən laqeydlikdən sonra ABŞ Qərb yarımkürəsində hərbi üstünlüyünü bərpa edəcək:

“Vaşinqton rəqiblərinə öz qüvvələrini və ya digər təhdid yaradan imkanlarını Qərb yarımkürəsində yerləşdirməyə icazə verməyəcək”.

O, əlavə edib ki, İrana qarşı əməliyyatları dəstəkləməyən NATO müttəfiqləri nəticələrlə üzləşə bilərlər: “Onlar addım atmadıqları təqdirdə bunun nəticələri olacaq”.

Nazirin sözlərinə görə, İrandakı əməliyyat zamanı bəzi müttəfiqlər etibarlı olmadıqlarını nümayiş etdiriblər:

“Məsələn, son həftələrdə NATO müttəfiqlərimizin çoxu ölkəmizin İrana qarşı əməliyyatlarını dəstəkləməkdə etibarlı olmadıqlarını göstərdilər - baxmayaraq ki, onlar özləri Yaxın Şərq enerji bazarlarından daha çox asılıdırlar və İranın nüvə silahından məhrum edilməsi ilə bağlı maraqlarımızı bölüşürlər. Bu, qəbuledilməzdir və biz bunu xatırlayacağıq”.

Kollektiv müdafiəyə töhfə verən müttəfiqlərin Vaşinqtondan daha əlverişli münasibət görəcəyi qeyd olunub:

“İsrail, Cənubi Koreya, Polşa, Finlandiya, Baltikyanı ölkələr və digərləri kimi fəal mövqe nümayiş etdirən müttəfiqlər xüsusi rəğbət qazanacaqlar. Bunu etməyənlər isə nəticələrlə üzləşəcəklər. Prezident Donald Trump özünə kömək edən ölkələrə dəstək verməyi üstün tutur. Bu, asılılıqdan çox tərəfdaşlığın mahiyyətidir”.

Pentaqonun NATO müttəfiqlərindən Kiyevə dəstək də daxil olmaqla, Avropanın müdafiəsi üçün əsas məsuliyyəti üzərlərinə götürmələrini tələb etməyə davam edəcəyi vurğulanıb:

“Nazirlik NATO müttəfiqlərindən, o cümlədən Ukraynanın müdafiəsinə dəstək məsələsində, Avropanın ənənəvi təhlükəsizliyi üçün əsas məsuliyyəti öz üzərlərinə götürmələrini tələb edəcək. Bu, bizim üçün bir güzəşt deyil, əksinə, Avropanın davamlı təhlükəsizliyi üçün zəruridir.”

Y. Qacar
 

Reklam