ABŞ müttəfiqlərini ənənəvi hərbi dəstəyin azalmasının təhlükəsizlik zəmanətlərini zəiflətmədiyinə inandırmaq məqsədilə Avropa və digər NATO üzvü ölkələrində nüvə silahlarının yerləşdirilməsi məsələsini müzakirə edir.
Reyting.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti müzakirələrlə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, söhbət nüvə silahı daşıya bilən Amerika bombardmançı təyyarələrinin yerləşdirilməsi ilə bağlı razılaşmadan gedir. ABŞ hesab edir ki, bu, daha çox ölkədə nüvə zərbələri endirmək qabiliyyətinə malik Amerika ikili təyinatlı təyyarələrinin (DCA) yerləşdirilməsinə imkan yaradacaq.
Nəşr yazır ki, Polşa və bəzi Baltikyanı ölkələr artıq bu təklifə maraq göstərirlər. Onların arqumentləri sırasında Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi, eləcə də Vladimir Putinin Kremlin nüvə potensialı ilə bağlı təkrarlanan bəyanatları yer alır.
Mənbələrin sözlərinə görə, sözügedən razılaşmanın əldə olunacağı hələ qəti deyil.
Jurnalistlər xatırladırlar ki, NATO-nun nüvə paylaşımı proqramı hazırda Belçika, Almaniya, İtaliya, Hollandiya, Türkiyə və Böyük Britaniyada Amerika nüvə başlıqlarının və müasir nüvə bombalarının yerləşdirilməsinə imkan verir. Bu silahlar ABŞ tərəfindən qorunur və onlardan istifadə hüququ yalnız Vaşinqtona məxsusdur.
Qeyd olunur ki, Avropa ölkələri Prezident Donald Trampın tənqidlərindən sonra müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağı öhdələrinə götürsələr də, nüvə çətiri təhlükəsizliyin təmin olunması baxımından əvəzolunmaz hesab edilir.
Xatırladaq ki, bu yaxınlarda Norveç və Fransa nüvə müdafiəsi sahəsində əməkdaşlığa dair saziş imzalayıblar. Bu razılaşma faktiki olaraq Norveçin Fransanın nüvə təşəbbüsünə qoşulmasını nəzərdə tutur.
Bu arada Rusiya daha əvvəl Avropanı ABŞ-dan asılı olmayan “nüvə qalxanı” yaratmağa çalışmaqda ittiham edib. Məlumata görə, bu layihə Fransanın himayəsi altında həyata keçirilə bilər. Moskva hesab edir ki, belə addımlar Avropa ilə Rusiya arasında münasibətlərin daha da gərginləşməsinə və birbaşa qarşıdurma riskinin artmasına səbəb ola bilər.
N. Orucov