“Broad Group” tikinti şirkəti Çinin Xiangyin ərazisində 5 gün ərzində 26 mərtəbəli yaşayış binası inşa edib. “Xiangyin County” adlı massivdə tikilən “Jingdu Holon Building” binasının modul texnologiyası əsasında qurulduğu bildirilir.
Reyting.az xəbər verir ki, tikintidə əvvəlcədən zavod şəraitində hazırlanmış polad modullardan istifadə olunub. Daha sonra həmin modullar kran vasitəsilə üst-üstə yerləşdirilərək boltlarla birləşdirilib. Tikinti zamanı ərazidə beton tökmə və qaynaq işləri aparılmayıb.
Yeni layihə çərçivəsində 14 min kvadratmetr yaşayış sahəsi və 208 mənzil yaradılıb. Mənzillər əvvəlcədən mebel və daxili avadanlıqlarla təchiz olunub ki, bu da binanın qısa müddətdə təhvil verilməsini asanlaşdırıb.
“Broad Group” şirkətinin nümayəndəsi bildirib ki, istehsal xətti hər 21 dəqiqədən bir yeni modul hazırlamaq gücünə malikdir.
Oqtay Qorçu