Advert
Advert

25 min illik təpə-piramida ilə bağlı mübahisələr davam edir

Tarix:
25 min illik təpə-piramida ilə bağlı mübahisələr davam edir
Reklam

İndoneziyanın Qərbi Yava bölgəsində yerləşən Qununq Padanq təpəsi ətrafında alimlər arasında elmi mübahisələr yenidən gündəmə gəlib. Bir qrup tədqiqatçı burada 25 min il əvvəl inşa edilmiş və dünyanın ən qədim piramidası ola biləcək nəhəng quruluşun gizləndiyini iddia edirlər.

Reyting.az-ın xəbərinə görə, tədqiqat müəlliflərinin fikrincə, ərazidə aparılan georadar, radiokarbon və seysmik tomoqrafiya analizləri göstərir ki, təpənin müxtəlif dərinlik qatları təxminən 16-27 min il əvvələ aiddir. Alimlər hesab edirlər ki, qədim insanlar vulkanik lava təpəsini böyük ustalıqla emal edərək onu monumental tikiliyə çevirə biliblər.

Lakin bir çox arxeoloq bu nəticələri qəbul etmir. Tənqidçi alimlərin sözlərinə görə, torpaq nümunələrinin qədim olması həmin ərazidə insan əli ilə tikinti aparıldığını sübut etmir. Onların fikrincə, müşahidə olunan xüsusiyyətlər tamamilə təbii geoloji proseslərin nəticəsi ola bilər.

Bu mövqeni müdafiə edən tədqiqatçılar bildirirlər ki, qazıntıların aparıldığı ərazidə insan fəaliyyətini təsdiqləyən alətlər, sümük qalıqları və ya digər artefaktlar aşkar edilməyib. Buna görə də təpənin qədim piramida olması barədə iddialar hələlik kifayət qədər elmi əsaslandırmaya malik deyil.

2024-cü ildə bu mövzu ətrafında gedən mübahisələr qismən səngidikdən sonra, həmin ilin fevral ayında məqaləni dərc edən elmi jurnal metodoloji problemlər və kifayət qədər sübutun olmaması səbəbindən nəşri geri götürüb.

Bununla belə, tədqiqata rəhbərlik etmiş arxeoloq Denni Hilman Natavidjaya əlavə faktlar təqdim edəcəyini və öz mövqeyini müdafiə edəcəyini bildirib.

Hazırda Qununq Padanqın dünyanın ən qədim piramidası olması barədə nəzəriyyə elmi ictimaiyyətdə geniş qəbul edilmir. 2026-cı ildə bu məsələyə münasibət bildirən Avropa və Amerika alimləri Denni Hilman Natavidjayanın irəli sürdüyü iddianın hələlik elmi baxımdan tam sübuta yetirilməmiş hipotez olaraq qaldığını vurğulayıblar.

Oqtay Qorçu
 

Reklam